USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəmkirdə 100 hektara yaxın yeni istixana tikiləcək

15.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin birinci yarısında Şəmkir rayonunun bütün sahələrində dinamik inkişaf təmin edilib.

"Kommersant" xəbər verir ki, 2018-ci ilin 6 ayı ərzində rayon üzrə 35 milyon 405 min 300 manat investisiya qoyuluşu həyata keçirilib. Həmin layihələrin reallaşdırılması nəticəsində yaxın gələcəkdə 2 min 460 yeni iş yerinin yaradılması planlaşdırılıb. Bu barədə Şəmkir rayonunda 2018-ci ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsində deyib. Yığıncaqda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, bu ilin altı ayı ərzində Şəmkir şəhərinin Həzi Aslanov, 28 May və Bülbül küçələrində, ümumilikdə 15 min 900 kvadratmetr asfalt-beton örtüyü salınıb, 4 min 510 kvadratmetr sahəyə üzlük daşlar çəkilib. Şəmkir-Çinarlı-Abbaslı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Rayonda kənd təsərrüfatının inkişafı və bu sahədəki problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. 2018-ci ildə 43 min 10 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. Cari ildə taxıl biçini mövsümündə bu günədək 40-a yaxın kombaynla 1968 hektar buğda sahəsi biçilib. Hər hektardan orta məhsuldarlıq 32,3 sentner olmaqla 6 min 357 ton buğda tədarük edilib. Həmçinin 2 min 38 hektar arpa sahəsi biçilib. Sahələrdə orta məhsuldarlıq 28,9 sentner təşkil edib. Bu vaxta qədər arpa sahələrindən 5 min 889 ton məhsul toplanıb. Hazırda biçin işləri davam etdirilir. Bildirilib ki, hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir ki, onların da artıq 52,1 hektarı tikilib. İstixanalarda yetişdirilmiş 100 min tondan artıq pomidor məhsulunun 61 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib, 40 min tona yaxını isə respublikanın ərazisində satılıb. Həmçinin hesabatda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb. Sonra müxtəlif idarə və təşkilat rəhbərlərinin hesabat məruzəsi dinlənilib, ilin sonunadək rayon üzrə görüləcək işlər müzakirə edilib.