USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəndli xurmanı niyə xaricə satır? - RƏSMİ AÇIQLAMA

10.09.2018 İqtisadiyyat
0 0
Xurma yığımına sayılı günlər qalıb.

"Kommersant.az" xəbər verir ki, hər il oktyabr ayında başlanan yığım prosesi təxminən 1 ay davam edir. Azərbaycanda xurma, əsasən, Göyçay, Ağdaş, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir. Hər ağacdan təxminən 10-15 kiloqram xurma toplayan fermer, meyvənin bir kiloqramını təxminən 70 qəpiyə, yeşiyini (bir yeşik 12-18 kq meyvə tutur) isə 3 - 3,50 manata satır.

Qeyd edək ki, son 18 ildə xurmanın məhsuldarlığında ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb. Həmin il bir hektara 245 sentner məhsul düşüb. Ötən il də Azərbaycanda xurma istehsalında artım nəzərəçarpacaq dərəcədə olub. Belə ki, xurmanın 2017-ci ildə ixrac dəyəri 20,9 milyon ABŞ dolları təşkil edib. Həmçinin, ötən illə müqayisədə xurma ixracı 32% artıb. Bu isə dövlət büdcəsinə 100 milyon dolların daxil olmasına səbəb olub.

Lakin ölkədə xurmanın qiyməti aşağı olduğundan, fermerlər məhsullarını daha çox Rusiya bazarlarına çıxarmağa çalışırlar. Məsələn, ötən il Göyçayda 825 hektar bar verən xurma bağından yığılan 25 min 400 ton məhsulun təxminən 80%-i Rusiyaya ixrac edilib. Bu ilin sonunadək də xurmanın Rusiya bazarına ixracının artırılması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanda xurma bağlarının sayının artırılması, xurma istehsalının genişləndirilməsi və ixracatın maksimum səviyyəyə çatdırılması üçün bu yaxınlarda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. Yeni assosiasiya Azərbaycanın 11 rayonunda 59-dək xurmaçı və xurmaçılıq sahəsində çalışan şirkət və fermerləri öz sırasında birləşdirəcək. Yaradılacaq assosiasiyanın illik istehsal gücü 6000 ton, ixracat potensialı isə 5400 tondur.

"Xarici ölkələrə ixrac olunacaq xurmanın qiyməti həmin ölkələrdəki alıcılıq qabiliyyətinə bağlıdır".

Bunu redaksiyamıza açıqlamasında Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qədir Yusifov bildirib. Onun sözlərinə görə, məhsulun əsas ixrac bazarları Rusiya, Ukrayna, Qazaxıstan və Səudiyyə Ərəbistanı olacaq:

"Bu ilin sonunadək Azərbaycanda 200 min ton xurma istehsal etmək planlaşdırılır. Xurmanın qiyməti haqqında isə nəsə demək olmaz. Qiyməti tənzimləyən bazardır. Xurma Səudiyyə Ərəbistanına 2016-cı ildən etibarən ixrac olunur. Praktika göstərib ki, qiymətdən asılı olmayaraq məhsul heç vaxt yerdə qalmayıb. Məhsul daxili və xarici bazarda sonuncu kiloqramına qədər satılıb".

Assosiasiya sədri məhsulun üzləşdiyi problemlərdən də danışıb:

"Qablaşdırmada ciddi problem var və məhsul yığımı zamanı (40-45 gün qalıb) problemin olacağı gözlənilir. Xurma indiyə qədər taxta yeşiklər hesabına qablaşdırılırdı. Lakin həmin yeşiklərin hazırlanması ekologiyaya ziyan vurur. Azərbaycanda yetərincə plastik yeşik istehsalı yoxdur. Təkcə Ağdaş və Göyçaya ildə 2 milyon yeşik lazımdır. Həmin rayonlarda ümumilikdə 15 min hektardan artıq meyvə bağları var. Soyuducu sistemi çatışmazlığı da var. Bu isə fermerləri ziyana salır. Sentyabrın 5-də kənd təsərrüfatı naziri İnam Kərimovun xurma istehsalı, emalı və ixracatı ilə məşğul olan fermer və sahibkarlarla görüşü zamanı bildirdim ki, regionlarda plastik yeşik fabriklərinin tikilməsinə ehtiyac var. Fermerlərin üzləşdiyi digər problem isə yeni satış bazarların açılması ilə bağlıdır".

Q.Yusifov eyni zamanda vurğulayıb ki, xurma istehsalı üçün artıq Çin və Cənubi Koreyadan texnologiyalar alınıb:

"Göyçay, Ağcabədi və Balakəndə emal fabrikləri fəaliyyət göstərir".

  • Əvvəlki

    Hansı ərzaqlar bahalaşıb? - SİYAHI

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0