USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İş həyatına satıcı kimi başladı turizm şirkəti qurdu

10.05.2018 İqtisadiyyat
0 0
Welcome Travel turizm şirkətinin rəhbəri Emin Quliyev 17.03.1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində 26 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 2006-cı ildə 530 bal ilə Qafqaz Universitetinin Politologiya fakultəsinə qəbul olub. 2011-ci ildə universiteti bitirib, həmin ilin oktyabr ayında hərbi xidmətə gedib. Hərbi xidməti 2012-ci il oktyabr ayında başa vurub.

Emin bəy əvvəllər hansı işlə məşğul olmusunuz? Necə oldu ki, turizm sahəsində iş qurmağa qərar verdiniz?

Demək olar ki, bir çox yerdə çalışmışam. Amma hər bir iş yerim xidmət sahəsi idi. Hərbi xidməti bitirdikdən sonra ilk iş yeri kimi Unibankda çalışdım. Daha sonra Azərsunda, Bazarstore marketlər şəbəkəsində işləməyə başladım. 11 aylıq işdən sonra 4-5 ay müddətində Araz marketlərdə, Büyük Fırat restoranında işlədim. Amma işləməyimə səbəb müəyyən maddi qazanca görə idi. Bu müddət ərzində daim yenilik axtarırdım. Özümü bu sahələrdə heçdə uyğun görmürdüm və bu sahələrdə uğurlu gələcəyimin olmayacağına əmin idim. Bilirsiz özünü sevdiyin sahədə görmək başqa hissdir. Sevdiyin işlə məşğul olmaq həddindən artıq insana zövq verir. Bu müddət ərzində 1 dəfə tələbə yoldaşlarımla Gəncəyə digər qrup yoldaşımızın toyuna getmişdik. Toydan sonra Ramil Rzayev adlı tələbə yoldaşımla turizm sahəsində uzun söhbətimiz oldu. Həmin gündən qərara gəldim ki, iş fəaliyyətimi turizm sahəsində davam etdirim. İş fəaliyyətimə rəhbəri qrup yoldaşım Ramil Rzayev olan "Baku Holiday Travel" şirkətində daxili turizm şöbəsində başladım. Zamanla işi sevdim və bütün işlərimi də sevərək görürdüm. Daim özümü inkişaf etdirmək, yeniliklər axtarmağa başladım. Nəhayət bu sahədə uğur qazana biləcəyimə əmin olaraq günlərlə öz üzərimdə işləməyə başladım və 2 il sonra dostum Ramilin dəstəyi, həvəsləndirici sözlərindən sonra "Welcome Travel" səyahət şirkətimi qurdum. Hal-hazırda şirkətimiz bir çox sosial şəbəkələrdə xidmətlərini insanlara gündəlik olaraq çatdırır. Facebook sosial şəbəkəsində şirkət olaraq ölkədə izləyici sayına görə ikinci ən böyük rəsmi səhifəsi olan şirkətik. 100 mindən çox izləyicimiz var.

Öz işinizi qurmaq üçün nə qədər vəsait xərcləmisiniz?

Öz işimi qurmaq üçün heç bir yerdən maddi dəstəyim olmayıb. Şirkət qurulan zamanı tək işçi özüm olduğum üçün o qədər də böyük məbləğ xərcləməmişəm. Ortalama olaraq 400-500 manat aralığında pul xərcləmişəm. Uzun müddət tək işçi mən idim. Çünki başlanğıcda bu məbləğ mənim üçün böyük görsənirdi. Ona görə maksimum az xərclə işləri idarə edirdim. Təbii ki, bəzi dostlarımın mənəvi dəstəyi öz yerində. Demək olar ki, gündəlik olaraq vaxtımın 15 saatını işimə ayırıram.

Komandada neçə nəfərsiniz və hansı xidmətləri göstərirsiniz?

Şirkətimizdə hal hazırda 5 nəfər işçi var. Welcome Travel şirkəti olaraq hal hazırda bir çox xidmətlərlə həm öz xalqımıza, həm də digər ölkələrin vətəndaşlarına xidmət edirik. Xidmət sahəmiz Aviabiletlərin satışı, Ölkəxarici turların, Ölkədaxili turların satışı, Otellərin bron edilməsi, Viza dəstəyi, Səyahət sığortası, Avtomobillərin icarəsi, Party və şənliklərin təşkili və s. ibarətdir. Komanda olaraq hədəfimiz 4 brend üzərində çalışmaqdan ibarətdir. Əminəm ki, gələcəkdə "Welcome Travel", "Welcome Group", "Welcome School", "Azerbaijan Travel" kimi 4 layihələrimiz brend olaraq ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək komandadan ibarət olacaq. Hal hazırda da var gücümüzlə bunun üzərində çalışırıq.

Uğurlu şirkətlərlə biz çoxları şərik olmaq istəyir. Bəs sizinlə şərik olmaq istəyən və ya investisiya yatırmaq istəyən olubmu?

Düzü investisiya təklifləri çox olubdur. Amma investisiya yatıran şəxslərin fikirləri mənim fikirlərimlə üst üstə düşmədiyi üçün qəbul etməmişəm. Amma qeyd edimki, hər bir şirkət kimi biz də investisiyalara açığıq. İnvestisiya yatırmaq istəyənlərlə tez-tez görüşlərim olur. Hal-hazırda uyğun yatırım olmadığı üçün konkret olaraq belə bir şəxslə heç bir razılaşmamız yoxdur. Şirkətimizə investisiya yatırmaq istəyənlərlə hər görüş zamanı onları investisiya yatırmağa vadar edən birinci şirkətin adıdır. Hətta ad olaraq pul təklif edənlər də az olmayıb. Şirkət üçün düzgün ad seçilməsi çox vacibdir. "Welcome" bu adı istər bizim ölkədə, istərsə də dünyanın istənilən ölkəsində uşaqdan tutmuş böyüyə kimi hərkəs bilir. Bəlkə də hər gün getdikləri xidməti məkanlarda qarşılaşdıqları sözdür.

Sizcə biznesdə uğurlu olmaq üçün nə etmək lazımdır?

Əslində şirkət qurmağı mən uğur hesab etmirəm. Şirkət qurmaq çox asandır. Uğur şirkəti ayaqda saxlamaq, güclü və etibarlı komanda qurmaq, düzgün qərarlar qəbul edib daima sizin xidmətlərdən istifadə edən hərkəsdən aldığınız təşəkkürdür. Bilirsiz bir çox insan var ki, şirkət açmaqda məqsədi əhatəsində, qohum əqrəba yanında filankəs şirkət sahibidir kimi statuslar qazanmaqdır. Şirkət açdığı andan hərgün daha çox pul qazanmaq istəyirlər. Amma bucür düşüncəyə sahib olan şəxslərin hər zaman uğur qazanma imkanları yoxdur. Hətta bir müddət sonra şirkət ziyana işləyir və sonda bağlamaq məcburiyyətində olur. Mənə görə işini sevərək görmək lazımdır. Bahalı statuslar qazanmaq xatirinə yox. Düzgün komandanın seçilməsi, işçilər arasında hər zaman motivasiya, işini sevərək görən insanlarla hər zaman müzakirələr, fikirlərini öyrənmək və düzgün qərarlar qəbul etmək. Hərgün təlabata, müştərilərin istəyinə uyğun yeniliklər axtarışında olmaq, biznesdə öz yolun olmaq, öz xəttin olmaq mütləqdir.

15 saat işlədiyinizi vurğuladınız. Uğurlu olmaq üçün çox işləmək vacibdir yoxsa işinizi sevdiyiniz üçün çox işləyirsiniz?

Əlbəttə ki, 15 saat işləmək şərt deyil. 15 saat işləmək deyəndə o demək deyil ki, mən hərgün 15 saat ofisdə komputer arxasında oturub işləyirəm. Mənimçün iş görüşmələri, yeni tanışlıqlar da işdir. Tutaq ki, yeni şirkət qurmusunuz, 1 il hərgün 15 saat ofisinizdə oturub işləyirsinizsə bu işləmək demək deyil, uğur qazanmaq demək deyil. İş görüşmələri, yeni insanlarla tanışlıqlar, dostlarla görüşüb müəyyən hədəflər barəsində söhbət etmək, müəyyən məsləhətlər almaq, istər özündən böyük, istərsə də kiçikləri hər zaman dinləmək lazımdır. Necə deyərlər ağıl ağıldan üstündür. Sadəcə çox vaxt işlərin çoxluğundan, daima yeniliklər axtarışında olduğumdan, işimi çox sevdiyimdən, biznesimi itirməkdən qorxduğumdan gündəlik 15 saatım işə gedir. Amma istirahətə də vaxt ayırmaq mütləqdir. Çünki işimizi sevdiyimiz qədər sağlamlığımızı da qorumaq vacibdir. Onu da qeyd edim ki, həftənin şənbə və bazar günləri demək olar ki, heçbir işlə məşğul olmuram. Sadəcə istirahət.

Bu qədər işlədiyinizə görə boş vaxtınız yəqin ki, az olar. Boş vaxtlarınızı necə dəyərləndirirsiz?

Demək olar ki, boş vaxtımız çox az olur. Boş vaxtlarımda dostlarla və hətta bir çox hallarda tək özüm sakitlik olan məkanlara gedirəm. Musiqini çox sevirəm. Deyərdim ki, musiqi mənimçün yorğunluğu aradan qaldıracaq tək vasitədir. Hətta elə olur ki mən işlərimi görən zaman mütləq şəkildə komputerimdə musiqiyə qulaq asa-asa həll edirəm. Mən universitetə hazırlaşanda belə 1 saat dərslərimi oxuyub fasilə zamanı 15 dəqiqədə olsa mütləq musiqiyə qulaq asmalıydım.

Öz işini qurmaq istəyənlərə hansı tövsiyyələri edərdiniz?

Əvvəlcə özünə inam, güvən mütləqdir. Öz işini qurmaq istəyənlərə əsas tövsiyyəm bahalı statuslar xatirinə iş qurmayın. Gələcəkdə həm sizə, həm vətənə, millətə xeyirli olacaq bir işi sevərək qurun. Hamı bu işlə məşğul olur deyib eyni işi qurmaqdan çəkinin. Əvvəlcə bazar araşdırması edin, insanların tələbatını öyrənin daha sonra iş qurun.

Bir az da gələcək planlarınızdan danışaq. Şirkət olaraq nələr etməyi planlaşdırırsınız?

Hər bir insan kimi, hər bir sahibkar kimi bizimdə gələcək üçün çox böyük planlarımız var. Düzdür bəzi hallarda planlarımızı kiməsə danışanda onlara gülməli gəlir. Amma mən deyərdim ki, insan çalışaraq bütün isdədiklərinə nail ola bilər. Şirkətimizin adını "WELCOME" sözünü çox sevirəm. Az öncə qeyd etdiyim kimi ad olaraqda insanların ürəyinə yol tapmaq çox vacib məsələdir. Ən böyük hədəfimiz ölkəmizi şirkət olaraq dünyada lazımi səviyyədə təmsil etmək, yüzlərlə işçiyə sahib kollektivdən ibarət olmaqdır. 100-dən çox işçi deyirəm, yenə gülməli görünə bilər. Amma həqiqətən ölkəmizdə gənc və bacarıqlı gənclər çox olduğundan gələcəkdə komandamızda həmin gənclərlə işləmək, daha böyük uğurlar qazanmaq hər bir sahibkar kimi mənimdə əsas hədəflərim siyahısındadır. Çünki hər bir gəncin özünü, gücünü göstərməsi üçün dəstəyə ehtiyacı var. Ümid edirəm ki, gələcəkdə bu kimi gənclərə dəstək olmaq mənədə qismət olar.

Səmimi müsahibəyə görə təşəkkür edirik!

  • Əvvəlki

    Hesablama Palatası ötən ili 59 min manatlıq zərərlə başa vurub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0