USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İş dünyasının qadınlara ehtiyacı var" - YEGANƏ QULİYEVA - MÜSAHİBƏ

31.10.2018 İqtisadiyyat
0 0
"İş xanımı" layihəmizin bu dəfəki qonağı "Turkaz magazine" dərgisinin Türkiyə üzrə rəhbəri Yeganə Quliyevadır.

"Kommersant.az" xəbər verir ki, bu ilin 6 aprel tarixində Bakıda təqdimatı keçirilən "Turkaz magazine" jurnalı Türkiyə və Azərbaycanın ortaq nəşridir. Jurnal ötən ilin noyabrından nəşr olunur. Aylıq 5 min tirajla nəşr olunan jurnalda siyasi, iqtisadi, səhiyyə, kulinariya, moda və s. mövzularda xəbərlər, o cümlədən, tanınmış siyasətçilər, iqtisadçılar, səhiyyə işçiləri və iş adamları ilə müsahibələr yer alır. Jurnalın əsas məqsədi iki ölkə arasında qurulan qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və iş adamları arasındakı əlaqələrinin inkişaf etdirilməsinə töhfə verməkdir.

"Kommersant.az" "Turkaz magazine"in Türkiyə üzrə rəhbəri Yeganə Quliyeva ilə müsahibəni təqdim edir:

- Biznes fəaliyyətinizin qurulması hansı mərhələlərdən keçib?

Düşünürəm ki, media hər zaman biznes sahəsi olub. Reklam sahəsinin inkişafı ilə, media daha çox biznes sektoruna çevrilir. Media böyük sahədir, inkişafı zəruridir. Bunda problem görmürəm. Özünü inkişaf etdirmək istəyən müxtəlif sahələrin biznesə çevrilməsi normaldır.

Artıq 15 ildir ki, Türkiyənin İstanbul şəhərində yaşayıram. İş həyatıma burada başlamışam. 15 ilə yaxındır ki, media sektorundayam. Yeniliklər etmək istədim. İstəyimi başqa sahədə çalışaraq reallaşdırmağın mümkünsüz olduğunu dərk edirdim. İstəklərimi, ideyalarımı fərdi şəkildə həyata keçirmək məni xoşbəxt edəcəkdi. Beləliklə öz işimi qurmağa qərar verdim. İnsan, nə istədiyini bildikdə, özünə güvəndikdə və Allaha şükr etməyi bacardıqda hər bir işin öhdəsindən gələ bilər. Digər işlər zamanla düzələcək.

Son illər bütün işlərimi Azərbaycan və Türkiyə birliyi üzərindən aparıram. Həm doğulduğum, həm də yaşadığım ölkə mənim üçün çox dəyərlidir. Azərbaycan və Türkiyənin güclənməsindən qürur duyuram və cəsarət alıram.

- Bu sahədə çətinliklərlə üzləşdikdə, hansı çıxış yollarından istifadə etmisiniz?

Əlbəttə ki, hər işin özünəməxsus çətinlikləri olur. Amma həmin çətinliklər insana daha da güc verir, bacarma duyğusu oyadır. Əslində həyatımızın istənilən anında biz bu çətinlik mərhələlərindən keçirik. Əsas olan əl çəkməmək və qərarlı olmaqdır. "Turkaz" şirkətini yaratmaqla ilk növbədə özümü və duyğularımı xoşbəxt etdim. Ətrafdan deyilən gözəl fikirlər məni bir daha doğru yolda olduğuma, doğru iş gördüyümə əmin etdi. İş, övlad kimidir. Əlimiz daim üzərində olmalıdır. Yaratdığımız markanı övlada göstərilən qayğıtək böyütməyə çalışırıq. Qarşılaşdığım hər mərhələdə özümə güvənərək əmin addımlarla irəliləyirəm. Fikrimcə, gördüyümüz işin doğru olduğuna əmin olsaq, hər çətin mərhələni asanlıqla keçə bilərik.

İşə kiçik sərmayə ilə başlamışam və hər addımımı diqqətlə atıram. İş həyatı çətinliklərlə zəngindir. Ona görə də çətinliklər qarşısında hər zaman praktik düşüncəli olmuşam. Heç vaxt panikaya düşüb, özümü itirmirəm, qarşılaşdığım problemi soyuqqanlı şəkildə həll etməyə çalışıram. Bir işə başlamazdan əvvəl güvəndiyim insanların fikirlərini öyrənməyə çalışıram. Necə deyərlər, ağıl-ağıldan üstündür.

- Sizi işinizə motivasiya edən amillər hansılardır?

İşimi sevirəm və ondan zövq alıram. Bu da motivasiyamı artırır. Gördüyüm işlər barəsində xoş sözlər eşitmək motivasiyamı daha da ruhlandırır. İnsanlarla ünsiyyətdə olmaqdan, tədbirlərdə iştirak etməkdən zövq alıram.

- Qazanmaq istədiyiniz məbləği əldə edə bilmisinizmi?

Dostlarım zəngin həyat arzulasalar da, uşaqlıqdan bəri Allaha məni heç kimə möhtac etməməsi üçün dua edirdim. Yəni, ehtiyaclarım və işim üçün yetərli miqdarda pul qazanmaq mənə kifayət edir. Yaxta, yaxud təyyarə almaq kimi niyyətim yoxdur. Az qazanaq, amma haram qazanmayaq. Başımız dik olsun ki, dilimizdə uzun olsun. Həyatımızı doğru şəkildə yaşamağa çalışaq.

- Azərbaycanlı "biznes leydi"lər Türkiyədən necə görünür?

"Turkaz magazine"in təşəbbüsü ilə, 25 sentyabrda Bakıda "Business Women Summit" ("İş Qadınları Sammiti") keçirdik. Tədbirin məqsədi iş xanımlarını bir araya gətirərək, onların güclərini birləşdirmək idi. Düşünürəm ki, biz buna nail ola bildik. Xanımların güclü olmasını, iş dünyası dedikdə, ağla qadınların da gəlməsini istəyirəm. Kişilərlə yanaşı, xanımların da iş həyatında bərabər addımlamasını arzulayıram. Azərbaycanda tanıdığım, dəyər verdiyim xanımlar var. Ancaq iş dünyası tamamilə fərqlidir. Biznes, ciddilik, məntiq, hörmət tələb edir. Azərbaycanlı iş xanımlarının eqolarını, ədavət, həsəd hisslərini kənara qoyaraq, işlərində qazandıqları uğurlarla nümunə olmağa çalışmalarını arzulayıram. Türkiyədə iş xanımı dedikdə, ağla ilk növbədə uğurları ilə dünya səviyyəsində tanınan Gülər Sabancı, Zeynəb Bodur, Ümid Boyner kimi adlar gəlir. Azərbaycanlı biznes leydilərin də uğurları ilə gənc nəslə töhfə verməsini diləyirəm.

- Qadın istərsə...

Qadın böyük qüvvədir, qadın anadır. Xanımlar Allahın onlara bəxş etdiyi özəl hisslər sayəsində, eyni zamanda məntiqlə hərəkət etsələr, istədikləri məsafəni qət edə bilərlər. Qadın uğur deməkdir, onu dəstəkləmək lazımdır. İş dünyasının qadınlara ehtiyacı var. Onlar kişilərdən fərqli olaraq daha diqqətli olur. Xanımlar iş dünyasında nüfuz qazanmağa çalışmalıdır. İlk növbədə özlərinə inansınlar və ayaqlarının üzərində dura bilmək üçün addım atsınlar. Nə istədiklərini, nə iş görəcəklərini düşünüb qərar versinlər və cəsarətli olsunlar.

- Xanımın biznes fəaliyyətinə başlaması üçün nələrə ehtiyacı var?

Azərbaycanda xanımların biznes fəaliyyətinə başlaması üçün geniş imkanlar yaradılıb. İqtisadiyyat Nazirliyi bu sahədə ciddi addımlar atır. Xanımlara maddi dəstək verilir. Ölkənin inkişafına hesablanmış addımda hər kəs bacardıqca yardımçı olmalıdır. Ölkənin inkişafı uşaqların, gələcək nəsillərin xoşbəxtliyi deməkdir. Heç kimdən asılı olmadan güclü olmağa çalışmalıyıq. Qadınların problemlərinin çarəsini birlikdə çalışaraq tapa bilərik.

Xanımlar, qorxmayın. Qadın güclü varlıqdır. Sevdiyiniz işdə nailiyyət qazanmaq sizin əlinizdədir. Yetər ki, doğru addım atın.

  • Əvvəlki

    "Tesla" rəhbəri kompensasiya alacaq

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0