USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

10 dövlət əmlakına 22 sifariş verildi - HƏRRAC

25.09.2018 İnşaat və Əmlak
0 0
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda elektron formada sifarişlərin verilməsi, hərrac keçirilən yerə getmədən virtual iştirak imkanları məkan və zaman anlayışlarını aradan qaldırıb. Sürətli və əlçatan prosedurlar, dövlət əmlaklarının müxtəlifliyi sifarişçi sayını artırır, prosesdə rəqabəti təmin edir. Özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 25 sentyabr tarixində növbəti hərrac reallaşdı. Müasir hərracın üstünlükləri şəffaf və operativ prosesdə rəqabətli mühit yaratdı. Belə ki, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilmişdir. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş vermişdir.

Komitənin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, nəqliyyat vasitələri üzrə iştirakçıların aktivliyi ilə hərracda yüksək rəqabət müşahidə olundu. Buraxılış ili 2008 olan QAZ-31105-100 markalı avtomobil üçün 6-sı elektron olmaqla 10 sifariş qəbul edilmişdir. İştirakçılar arasında mübarizə ilkin hərrac qiyməti 2 min manat olan dövlət əmlakının satış qiymətini 4 min 350 manata yüksəltdi. Analoji hal VAZ-21213 markalı nəqliyyat vasitəsi üçün də xarakterikdir. Buraxılış ili 2003 olan bu avtomobilin hərracında 4 sifarişçi iştirak etdi. Hərrac prosesində bu dövlət əmlakının start qiyməti 3 dəfədən çox artdı. 1300 manat ilkin qiymət təyin olunan avtomobilə 4 min 50 manat təklif edən iştirakçı hərracın qalibi oldu.

Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri olan Xalac Kənd Sənətkarlıq evi Salyan rayonu, Abad kəndində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 1208 kv.m-dir. Sifarişçi torpaq sahəsi ilə birgə bu əmlaka sahib olmaq üçün 25 min manat təklif etdi. Cəlilabad rayonunda Qarakazımlı kənd Mədəniyyət evi, Asfalt zavod sexinin yarımçıq tikilisi, Tərtər rayonunda Sarov kənd klubu da özəlləşdirilən dövlət müəssisələridir.

Bakı və Sumqayıtda yerləşən qeyri-yaşayış sahələri müxtəlif sahələr üzrə xidmət fəaliyyəti üçün uğurlu seçimdir. Bu obyektlərin ümumi faydalı sahəsi 33,7 kv.m ilə 97,8 kv.m aralığındadır. Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49,8 kv.m-dir. Sifarişi elektron formada vermiş vətəndaş bu əmlaka sahib olmaq üçün 6 min manat təklif etdi.

Keçirilən hərracın nəticələri ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytı və Özəlləşdirmə portalına daxil ola bilər.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 2 oktyabr tarixində baş tutacaq. Prosesə ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 30-u qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

  • Əvvəlki

    "Bank BTB" mənfəət əldə etsə də - 3 FİLİALINI BAĞLAYIB

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0