USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər

05.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin işçiləri 5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramını qeyd ediblər.

"Kommersant" xəbər verir ki, hər iki qurumun rəhbərlikləri və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Su təsərrüfatı və meliorasiya işçiləri gününə həsr olunmuş tədbirlə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Konfransda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış ediblər. Hər iki natiq çıxışlarında Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamla Su təsərrüfatı və meliorasiya işçiləri gününü təsis etməsini onun bu sahəyə və burada çalışan işçilərin əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu və bunun ASC-lərin kollektivlərini daha böyük əzm və qüvvə ilə işləməyə ruhlandırdığını qeyd edib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu qeyd edərək deyib ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, əsas inkişafa ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb.

1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı sayəsində meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunub, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınıb, ondan daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar, ilk növbədə, bu sahənin inkişafına yönəldilib, meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni, dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub.

Ə.Əhmədzadə qeyd edib ki, son dövrlərdə 127 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, 4 min 17 kilometr suvarma kanallarının, 2 min 486 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikinti işləri həyata keçirilib, 379 min hektar suvarılan torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb. Həmçinin 1960 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 200 kilometrə yaxın sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, bir sıra layihələrin isə hazırda davam etdirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb. Bakı şəhəri və Abşeron yarımadasının sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları çərçivəsində 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.

Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. 2017-ci ildə imzalanan Sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub və bu il daha 41 kənddə su layihələrinin icrasına başlanılıb.

Qeyd edilib ki, son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min kilometrdən çox magistral və paylayıcı su, 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 308 artezian və subartezian quyusu qazılıb, 5 minə yaxın çoxmənzilli yaşayış binasının daxili kommunikasiya xətləri yenilənib. Görülmüş işlərin real nəticəsi olaraq, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir.

Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası başa çatdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Prezidentin köməkçisi dövlətimizin başçısının bir qrup su təsərrüfatı və meliorasiya işçisinin təltif edilməsi barədə Sərəncamını oxuyub.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov meliorasiya və su təsərrüfatı sahəsində görülən işləri yüksək qiymətləndirib.

Elmi-praktiki konfransın sonunda iştirakçıların adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

  • Əvvəlki

    Şən və Hazırcavablar Klubu respublika çempionatının qalibləri müəyyənləşib

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0