USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Göyçay çayının Ucarın Lək kəndindən keçən hissəsində suyun səviyyəsi enməyə başlayıb

03.06.2018 Hadisə
0 0
Ötən gündən etibarən güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Göyçay çayının Ucar rayonun Lək kəndindən keçən hissəsində kəskin artan suyun səviyyəsi nisbətən enib.

"Kommersant"ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, çayda suyun səviyyəsi nisbətən azalsa da, təhlükə hələ qalır.

Lək kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əfqan Rəhimov bildirib ki, bu gün səhər saatlarında çaydan Lək kəndi istiqamətinə sızma baş verib. Görülmüş zəruri tədbirlər nəticəsində sızmanın qarşısı qısa müddət ərzində alınıb. Ə. Rəhimov onu da qeyd etdi ki, ötən gündən etibarən çay boyu sızma və uçma təhlükəsi olan bütün ərazilər ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Ucar-Zərdab avtomobil yolunun Göyçay çayının Ucar rayonunun Lək kəndindən keçən hissəsindəki avtomobil körpüsünün və çayın hər an uçma təhlükəsi yaranıb. Bu səbəbdən əraziyə xeyli sayda ağır texnikalar cəlb olunub. Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda suyun qarşısını ərazidə olan texnikalarla kəsmək mümkün olmadığından qonşu rayonlardan da ağır texnikalar əraziyə cəlb olunub.