Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR Polymer”in iki zavodundan birincisi, illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunun iyulun 18-də açılış mərasimi keçiriləcək.
Hazırda zavodun istismara verilməsi ilə bağlı son hazırlıq işləri görülür.
Polipropilenin istehsal sahələri
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastiklərdən biridir. "Ekoloji cəhətdən təmiz" plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.
"SOCAR Polymer"in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) Polipropilen məhsulu istehsal olunacaq.
Homopolimer əsasən plyonka, rafiya liflər və inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunan məhsulların istehsalında istifadə edilir. Belə ki, plyonka qida sənayesində, məişətdə (məsələn gül, kitab, köynək və s.) istifadə olunan əşyaların paketləşdirilməsində, poliester, poliamid və alüminium ilə laminasiya olunmuş və farmasevtik paketləmədə, rafiya liflər növlü homopolimer məhsulu əsasən xalçaçılıqda, məişətdə, sənaye yönümlü parçaların, süni ot örtüklərinin, kəndir və torların istehsalında, inyeksiya yolu ilə qəlibləmə metodunda istifadə olunan homopolimer məhsulu isə tibbi şprislər, qida konteynerləri, plastik mebel (stol-stul), avtomobil sənayesində istifadə olunan detallar və oyuncaqların istehsalında istifadə olunur.
Zərbəyə davamlı so-polimeri - İnyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq səyahət baqajları, yüksək dözümlülüyə malik avtomobil sənayesində istifadə olunan detallar və qida, məişət qablarının istehsalında istifadə edilir.
Statistik (random) so-polimeri isə əsasən inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq qida sektorunda istifadə olunan istiliyə davamlı çoxqatlı təbəqənin istehsal olunması, tibbi şprislər, CD və DVD qabları, idman malları, oyuncaqlar, yüksək aydınlıq xassələri olan məişət və qida sektorunda istifadə olunan plyonkalar, ofis ləvazimətları və üfürmə yolu ilə qəlibləmə metodundan istifadə olunaraq müxtəlif yönümlü plastik butulkaların istehsalında istifadə olunur.
Zavod "Açar təslimi" əsasında inşa olunub
Polipropilen Zavodunun EPC (Mühəndislik, satınalma və tikinti) podratçısı İtaliyanın "Maire Tecnimont" şirkətidir. Belə ki, "SOCAR Polymer" şirkəti ilə "Tecnimont" şirkəti arasında Polipropilen Zavodu layihəsi üzrə Sabit Qiymətli EPC ilə bağlı Anlaşma Memorandumu 2015-ci il aprelin 15-də Bakıda imzalanıb. Müqavilənin ümumi dəyəri, təxminən, 350 mln. avrodur. Polipropilen Zavodu İtaliya şirkəti tərəfindən "Açar təslimi" əsasında inşa edilib. Yəni şirkət zavodun tam gücdə sınaq-sazlama işlərini həyata keçirdikdən sonra təhvil verməlidir.
Polipropilen istehsalı qurğusunun lisenziarı "Lyondell Basel" şirkətidir. Polipropilen istehsalında istifadə olunan texnologiya bu şirkətə məxsus "Spheripol" texnologiyasıdır. Bu texnologiya istehsal üçün maye fazasında çalışan 2 ədəd dairəvi boru və 1 qaz fazası reaktorlarından ibarətdir.
Azərbaycanda ilk Polipropilen Zavodu
Polipropilen Zavodunun illik istehsal gücü qeyd etdiyimiz kimi, 184 min ton nəzərdə tutulub. Zavodun xammal təminatçısı "Azərikimya" İstehsal Birliyidir.
Bu il mayın 20-də Polipropilen Zavodunun istehsalat xəttinə nasoslar vasitəsilə "Azərikimya" İB-dən propilen xammalı verilməyə başlanılıb. Alınan xammal zavodun start rejiminə çatması üçün istifadə olunub. Zavod tam gücü ilə işlədikdə xammal kimi "Azərikimya" İB-dən saatda 23 ton propilen alınacaq. Xammal "Azərikimya" İB-nin 3 kilometrliyində yerləşən Buxarlı krekinq qurğusundan boru xətti vasitəsilə verilir. "Azərikimya" İB "SOCAR Polymer" şirkəti polipropilen istehsalına başladıqdan sonra digər müştərilərinə propilen verilməsini dayandıracaq və Polipropilen Zavodunun tam istehsal gücünə çatması üçün istehsal etdiyi bütün propilen həcmini "SOCAR Polymer"in bu zavoduna ötürəcək. Propilen saxlamaq üçün "Azərikimya" İB-nin ərazisində ümumi anbarlama həcmi 4 min ton təşkil edən təqribən 20 rezervuar mövcuddur. Plastik məhsulların istehsalı ilə ölkənin neft-kimya sənayesinin inkişafında rol oynayacaq zavod Azərbaycanda istifadəyə verilmiş ilk Polipropilen Zavodu olacaq.
Sınaq məqsədli ilk polipropilen
Bu ilin fevral ayında "SOCAR Polymer" Zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Zavodun ekstruziya zonasında polipropilen qranullarının kəsilməsi prosesi həyata keçirilib və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub. Zavodun sınaq-sazlama işləri mərhələli şəkildə həyata keçirilir, tam gücdə sınaq işləri həyata keçirildikdən sonra zavod təhvil verilməlidir.
İdxal ixracla əvəzlənəcək
Hazırda Azərbaycan polipropileni idxal edir. Zavodun istifadəyə verilməsi ilə yerli tələbatın tam ödənilməsi, ixrac potensialının artırılması nəzərdə tutulur.
Azərbaycanda neft-kimya sənayesində 40 ilin ilk böyük layihəsi
"SOCAR Polymer" layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. "SOCAR Polymer" layihəsinə Polipropilen Zavodu ilə yanaşı, Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir. İllik istehsal günü 120 min ton təşkil edəcək Yüksək Sıxlıqlı Polietilen Zavodu bu ilin sonuncu rübündə istismara veriləcək.
"SOCAR Polymer"in hər iki zavodunun istismara verilməsi ilə istehsal olunacaq məhsulların 30%-i daxili bazarda realizə olunacaq, 70%-i isə ixrac ediləcək. Əsas ixrac marşrutları olaraq isə Türkiyə, Avropa və MDB ölkələri planlaşdırılır.
"SOCAR Polymer" MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. Bununla şirkət parkın ikinci rezidenti statusunu alıb. "SOCAR Polymer" Sumqayıt Kimya Sənaye Parkında 30 hektar ərazini əhatə edir.
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. Sumqayıt Kimya Sənayesi Parkında yerləşməsi şirkətə 100 mln. dollara qənaət etməyə imkan yaradıb.
Azərbaycanda ilk layihə maliyyələşdirilməsi
"SOCAR Polymer"in hər iki zavodunun ümumi dəyəri 750 mln. ABŞ dolları təşkil edir. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar kapitalından ibarətdir.
Lahiyə üçün "Gazprombank" ASC-dən (Rusiya) kredit cəlb edilib. Bununla bağlı, 2015-ci il iyunun 19-da "Gazprombank" və SOCAR arasında kredit sazişi imzalanıb. Müqavilənin şərtinə görə, "Gazprombank"ın İnvestisiya Komitəsi "SOCAR Polymer"ə 10 il müddətinə 489 mln. dollar həcmində kreditin ayırılmasını təsdiq edib.
Bununla da Azərbaycanda ilk dəfə olaraq əsas şirkətin zəmanəti olmadan birbaşa layihəyə kredit ayrılıb.
Ən müasir həll yollarına malik qurğu
"SOCAR Polymer"in hər iki zavodunun qurğuları ən müasir standartlara və yüksək keyfiyyətə malikdir.
Şirkətin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen İstehsalı zavodları üçün Azot qurğusu da ən müasir texniki və mühəndis həllərə əsaslanır. Azot istehsalı qurğusu "Kriogenmaş" ASC tərəfindən hazırlanıb və tədarük olunub. Qurğu "SOCAR Polymer"in hər iki zavodunun yüksək təmiz qazşəkilli azota yaranan tələbatını təmin edəcək. Bu da kapital xərclərini azaltmağa və aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verir.
Azot qurğusu gündəlik 500 kubmetr azot saxlama gücündədir.
Kiçik və orta sahibkarlıq üçün xammal
"SOCAR Polymer"in hər iki zavodunda istehsal olunacaq xammalın yüzlərlə kiçik, orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcəyi gözlənilir. Hesablamalara görə, "SOCAR Polymer" şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları fəaliyyətləri dövründə 8 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.