USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta bazarındakı artım davam edəcək - EKSPERT RƏYİ

30.08.2018 Bank
0 0
2018-ci ilin yanvar-iyul aylarına görə sığorta üzrə göstəricilər açıqlanıb.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən ümumilikdə 459 milyon 900 min manat sığorta haqları toplanıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 137 milyon manat artım deməkdir.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, sığorta bazarında artımın müşahidə edilməsi çox yaxşı haldır:

"Son 3-5 il ərzində maliyyə bazarı, xüsusilə də bank bazarındakı durğunluq ilk ərəfədə sığorta şirkətlərinə təsir göstərirdi. İndi isə rəqəmlərə baxdıqda müşahidə olunur ki, artım var. Bu isə bir neçə sığorta növünün hesabına baş verib. Təbii ki, icbari sığortada artım hər il var. Sevindirici hal ondan ibarətdir ki, bu il əvvəlki illərin statistikasında görmədiyimiz növlərdə də artım var. Məsələn, kənd təsərrüfatı risklərinin sığortalanmasında böyük miqdarda artım nəzərə çarpıb. Bu il kənd təsərrüfatı sahələrində müəyyən sığorta müqavilələri bağlanıb. O cümlədən, tibbi sığortanın payında artım var. Bu onu göstərir ki, insanlar artıq yavaş-yavaş maddi böhrandan çıxır. Avtomobil sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqlarında da artım var. Avtomobillərin dəyərinin artması sığorta bazarını da artırır".

Ekspert eyni zamanda vurğulayıb ki, insanların ən çox müraciət etdiyi sığorta növləri isə dəyişməz olaraq qalıb:

"İlk üçlüyü icbari sığortalar, avtomobil sığortaları və tibbi sığorta tutur. Sığorta bazarındakı artım prosesi davam edəcək. Bu ilin sonunda 600 milyon manatlıq sığorta bazarının şahidi olacağıq".