USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşçi nə qədər məzuniyyət pulu almalıdır? - AÇIQLAMA

18.07.2018 İqtisadiyyat
0 0
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimə verilir?

"Kommersant" xəbər verir ki, portalımıza özəl açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunvericilik bütün işçilərə, onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur:

"Əmək Məcəlləsinin 110-146-cı maddələri sırf məzuniyyət hüququ ilə bağlıdır. Məzuniyyət hüququnun 4 növü var: 1) əmək məzuniyyəti; 2) sosial məzuniyyət; 3) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 4) ödənişsiz məzuniyyət".

Ekspert vurğulayıb ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir, bayram günləri məzuniyyət günlərinə əlavə edilmir:

"Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Kommersant"ın sorğusuna rəsmi cavab olaraq əmək məzuniyyətlərinin hesablanma qaydasını təqdim edib:

"Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması Əmək Məcəlləsinin bir neçə maddəsi nəzərə alınmaqla həyata keçirilir. İlk növbədə məcəllənin 139-cu maddəsinə uyğun olaraq məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri əsas tutulur. Belə ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr – yəni, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə, ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərə alınır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarına 1 nömrəli əlavəsi ilə müəyyən edilir".

Nazirlikdən verilən açıqlamaya görə, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən həyata keçirilir:

"Həmin maddənin tələblərinə uyğun olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına yəni — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddənin tələbinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir".

Ölkənin əmək qanunvericiliyinin tələblərinə görə, əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər:

"Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının əmsallaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı (ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN =N

Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2...-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı".

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır:

"Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və ya təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən həmin müəssisə, idarə və ya təşkilatlarda müstəqil surətdə aparılır".

  • Əvvəlki

    Son 6 ayda 82,9 min nəfərə yeni fərdi şəxsi hesab açılıb

Digər xəbərlər