USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən ev alan azərbaycanlıların sayı arta bilər - EKSPERT

17.08.2018 İqtisadiyyat
0 0
"Xüsusilə ölkəyə dollar valyutasının daxil olması fonunda manatın digər valyutalar qarşısında real effektiv məzənnəsi həddindən artıq yüksəlib".

Bunu "Kommersant.az"a açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli bildirib. Onun sözlərinə görə, manat tam məzənnə sistemində işləməsə belə, digər ölkələrin valyutaları ilə müqayisədə nisbətən stabildir:

"Valyuta ölkə iqtisadiyyatının müstəqilliyinə paralel ölçülən göstəricilərdən biridir. Vaxtilə ölkə iqtisadiyyatının dayanıqlı olmaması səbəbindən manat dəyər itkisinə məruz qaldı. 1998-ci ildən etibarən Azərbaycana neft valyutalarının daxil olmağa başlaması ilə manatın mövqeyi möhkəmlənməyə başladı. Qonşu ölkələrdə isə son 20-30 ildə mütəmadi valyuta enmələri müşahidə edilir. Məsələn, Rusiyada son 20 il ərzində 3 dəfə (1998, 2008, 2015-ci illərdə) dərin böhranlar olub. Türkiyə lirəsi də son 30 ildir ki, mütəmadi şəkildə dəyər itirir. İranda aparılan dövlət siyasəti və tətbiq edilən sanksiyalar fonunda ciddi dayanıqlı valyutanın olmadığı üzə çıxdı".

Ekspert vurğulayıb ki, manat üzərində ciddi təzyiq olduğu və yaxın müddətdə dəyərdən düşəcəyi haqda proqnozlar verilsə də, bu fikirlə razı deyil:

"Doğrudur, bölgədə baş verən proseslərin bu və ya digər şəkildə Azərbaycan iqtisadiyyatına təsiri qaçılmazdır. Ancaq bu təsir hazırda yüksək səviyyədə deyil. İranla aparılan idxal-ixrac əməliyyatlarının həcmi 250 milyon dollardır. Türkiyə ilə aparılan əməliyyatların həcmi 2,5 milyard dollar, Rusiya ilə isə 2,3 milyard dollar civarındadır. Rusiyadan daha çox xammal alırıq. Rublun dəyərdən düşməsinin Azərbaycan iqtisadiyyatı üçün təhlükəsi yoxdur. Ölkə Türkiyədən qida məhsullarının idxalını azalda bilsə, yarana biləcək təhlükəni dəf etmiş olar. Çünki hazırda Azərbaycanda yüngül sənaye məhsullarının istehsalı hələ ki, çox aşağı səviyyədədir. Tələbat isə əsasən Türkiyə və Çin hesabına ödənilir. Lirənin dəyər itirməsinin Azərbaycan üçün mənfi tendensiyası o zaman ola bilər ki, azərbaycanlı investorlar Türkiyə iqtisadiyyatının daşınmaz əmlak sektoruna üz tutmaq fikrində olsunlar. Həmin əməliyyatların isə manatı təhdid səviyyəsində olmayacağını düşünürəm.

Bu gün Azərbaycan iqtisadiyyatının tədiyyə balansında 5 milyarda yaxın müsbət saldo var. Bu, neftin qiymətinin yüksək olması ilə bağlıdır. ABŞ, Avropa və Çin iqtisadiyyatlarında aktivliyin azalması, neftin qiymətində enməyə səbəb ola bilər. Lakin yaxın müddətdə hansısa dəyişiklik gözlənilmir".

  • Əvvəlki

    Məşhur iqtisadçı ABŞ böhranından danışıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0