Ötən əsrin 70-ci illərindən etibarən xoşbəxtlik mövzusu iqtisadiyyat sahəsində maraq doğuran araşdırma obyektlərindən birinə çevrilib.
"Kommersant.az" xəbər verir ki, sözügedən istiqamətin tədqiqi ABŞ iqtisadçısı Riçard İsterlinin adı ilə bağlıdır. Onun 1974-cü ildə iqtisadi inkişaf və xoşbəxtlik arasındakı əlaqəni araşdıran məqaləsində ("İsterlin paradoksu") xoşbəxtlik indeksi kimi adambaşına düşən ümumi daxili məhsulun həcmi əsas götürülüb.
Hazırda isə BMT-nin Beynəlxalq təşəbbüs şəbəkəsi, "The Happiness Research Institute", ABŞ-ın "Gallup" İnstitutu tərəfindən xoşbəxtlik reytinqləri tərtib edilir. Xoşbəxtlik siyahısının hazırlanmasında bir neçə kriteriya əsas götürülür: adambaşına düşən ümumi daxili məhsulun həcmi, sağlam həyat müddəti, azadlıq, xeyirxahlıq, sosial təminat, hökumətdə və biznesdə korrupsiyanın səviyyəsi, işsizlik, inflyasiya və s.
Xoşbəxtlik siyahılarındakı kriteriyalar kimi, ölkələrin qərarlaşma mövqeləri də fərqlidir.
Məsələn, BMT-nin Beynəlxalq təşəbbüs şəbəkəsinin açıqladığı dünya ölkələrinin 2017-ci il üzrə illik reytinqinində Norveç ən xoşbəxt ölkə kimi xarakterizə olunub. Azərbaycan isə reytinqdə 85-ci yerdə qərarlaşıb.
ABŞ-ın "Gallup" İnstitutunun 2017-ci il üzrə sorğusunun nəticələrinə görə isə, əhalisi ən xoşbəxt olan ölkələrin sıralamasında ilk yeri Paraqvay (85%) tutur. Azərbaycanda aparılan sorğunun nəticələrinə əsasən isə, əhalinin yalnız 19%-i özünü xoşbəxt hiss etmədiyini bildirib.
Sosial rifahın yüksək olması ölkə əhalisinin xoşbəxtliyinə dəlalət edirmi?
İqtisadçı alim Vüqar Bayramov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, iqtisadi vəziyyətin yaxşı olması həmin ölkənin əhalisinin xoşbəxt olduğu anlamına gəlmir:
"ABŞ iqtisadçısı Duqlas Nort yazırdı ki, ABŞ zəngin ölkədirsə, nə üçün əhalisi xoşbəxt deyil? Xoşbəxtlik indeksini müəyyənləşdirən zaman fərqli indikatorlardan istifadə olunur - miqrantların xoşbəxtlik səviyyəsi və s. Son 4 ilin indeksinə görə, əhalisi xoşbəxt ölkələr sırasında ilk yerləri Finlandiya, Danimarka, Norveç və İsveçrə bölüşüb. Nəticə etibarilə ilk onluğa daxil olanlar inkişaf etmiş ölkələrdir. Lakin bu, şərtidir. Məsələn, ABŞ-ın reytinqdəki yeri 18-ə düşüb. Böyük Britaniya isə "Dünya Xoşbəxtlik İndeksi"ndə 19-cu yerdə qərarlaşıb".
Ekpert eyni zamanda MDB ölkələrinin "xoşbəxtlik siyahısı"ndakı mövqelərindən də danışıb:
"Azərbaycan siyahıda 85-ci yerdədir. MDB ölkələri 60-90-cı yerləri bölüşür. Türkiyə 74, Türkmənistan 68, Tacikistan 80-ci yerdə qərarlaşıb. MDB ölkələrində maraqlı məqam ondan ibarətdir ki, Özbəkistan xoşbəxtlik indeksində 44-45-ci yerlərdə qərarlaşır. Qazaxıstanda iqtisadi vəziyyət Özbəkistanla müqayisədə daha yaxşı olsa da, siyahıda 60-cı yeri tutub. Rusiya isə 59-cu pillədədir".
İqtisadçı qeyd edib ki, əhalinin xoşbəxtlik indeksinə ideoloji, psixoloji faktorlar birbaşa təsir göstərir:
"Ölkənin müharibə vəziyyətində olması təbii ki, nəticə etibarilə insanların xoşbəxtlik indeksinə psixoloji təsir göstərir. Lakin düşünürəm ki, Azərbaycanın siyahıdakı mövqeyini yaxşılaşdırmaq imkanı var".