USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Şirkət Ukraynada sərmayə qoyuluşları həyata keçirir" - TƏHLİL

22.09.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

"Kommersant.az" xəbər verir ki, səfər çərçivəsində miqrasiya sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsinin aparıldığı görüşlərdə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında, icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" layihələri müzakirə olunub. Hər iki sənədin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Ölkələr BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır və orada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Hazırda Azərbaycan və Ukrayna sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, tranzit sahələrində əməkdaşlıq edir. Ukrayna şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda fəaliyyət göstərir. Azərbaycan şirkətləri Ukraynanın yol infrastrukturunun yenidən qurulmasında və təmirində iştirak edir.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin əsasını "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında" Müqavilə və "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında" 2008-ci il tarixli Bəyannamə təşkil edir. Bundan başqa "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında" (2002-ci il), həmçinin "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" (2004-cü il) sazişlərin böyük əhəmiyyəti var.

Azərbaycan-Ukrayna iqtisadi əlaqələrini şərh edən iqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi daha çox 2010-11-ci illəri əhatə edir:

"Ukrayna, MDB ölkələri içərisində Rusiyadan sonra azərbaycanlıların ən çox məskunlaşdığı ikinci ölkədir. İki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə 810 milyon dollara yüksəlib. Bu, 2016-cı illə müqayisədə 2,5 dəfə artım deməkdir. 2010-11-ci illərdə ölkələrarası ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan artıq olub".

Ekspert qeyd edib ki, Ukrayna Azərbaycanın mavi qazını almaqda maraqlı olan ölkələrdəndir:

"Lakin iki ölkə arasında hələ ki, qaz kəməri çəkilməyib. Dövlət Neft Şirkəti Ukraynada sərmayə qoyuluşları həyata keçirir. Tərəflər, xüsusilə enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparır. Azərbaycan Ukraynadan sənaye məhsulları, meyvə şirələri, qida məhsulları idxal edir. Ukraynaya isə qida və enerji məhsulları ixrac edir. Əməkdaşlığın gələcəkdə də genişləndirilmə imkanları mövcuddur".