USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qaxa 4 milyon manat ayrıldı - 2 SƏRƏNCAM

29.10.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Prezidenti "Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" və "Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" 2 Sərəncam imzalayıb.

"Kommersant.az" hər iki Sərəncamın tam mətnini Azərtaca istinadən təqdim edir:

Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qax rayonunun Əlibəyli kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2018-ci il."

* * *

Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Qax rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Bayraq Muzeyi, "İçəribazar" Qala Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 68 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 21 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, "Ulu Aqro" MMC-nin aqroparkı və digər iri istehsal müəssisələri yaradılmış, 7 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qax şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2018-ci il."