Dövlət qulluğuna qəbul üçün iyulun 30-da elan olunmuş müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki tərtib edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Kommersant.az"a bildiriblər ki, müsabiqə üzrə müsahibə elanı çərçivəsində yeddi dövlət orqanı üzrə ümumilikdə 215 vakant (A növü üzrə 15, B növü üzrə 200 vəzifə olmaqla) vəzifə müsahibəyə çıxarılıb və 132 nəfər namizəd kimi qeydiyyatdan keçib. Həmin namizədlərlə 279 müsahibənin keçirilməsi planlaşdırılır. A növünə aid vəzifələrin tutulması üçün planlaşdırılan müsahibələrin sentyabrın 17-də, B növünə aid vəzifələr üzrə müsahibələrin isə sentyabrın 12-dən oktyabrın 3-dək keçirilməsi nəzərdə tutulur.
Ümumi müsahibə elanı çərçivəsində beş dövlət orqanında yeddi vakant vəzifə çıxarılıb. Elan üzrə müsahibələrin sentyabrın 10-dan 17-dək keçirilməsi nəzərdə tutulur.
Müsahibələr DİM-in Bakı şəhərindəki inzibati binalarında və Maliyyə Nazirliyinin inzibati binasında keçiriləcək.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur. Bu, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.