USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağdaşda ötən əsrdən qalma su və kanalizasiya sistemləri yenidən qurulur

10.05.2018 İqtisadiyyat
0 0
“Azərsu” ASC “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.

ASC-dən verilən məlumata görə, Azərbaycan və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağdaş şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfər şəhər əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün ilkin mərhələdə 8 subartezian quyu qazılıb, sugötürücü kamera, xlorator binası və ümumi tutumu 7000 kubmetr olan 2 su anbarı inşa edilib. Su mənbələrindən şəhərə 8 km uzunluğunda 2 magistral kəmər çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası və istehsalat bazası inşa edilib. Layihəyə uyğun olaraq Ağdaş şəhərində 143 km içməli su, 124 km kanalizasiya şəbəkələri tikilib, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Layihənin növbəti mərhələsində 4 ədəd yeni subartezian quyusunun qazılması, həcmi 5000 kubmetr olan yeni su anbarının tikintisi nəzərdə tutulub. Su mənbəyindən şəhərə qədər 6,7 km uzunluğunda ikinci magistral su xəttinin 6,2 km-lik hissəsi inşa edilib. Şəhərin su və kanalizasiya şəbəkələrinin tikintisinin tamamlanması məqsədilə işlər davam etdirilir. 44,7 km içməli su şəbəkəsinin 10 km-lik, 61,2 km kanalizasiya şəbəkəsinin isə 22,2 km-lik hissəsində işlər başa çatdırılıb.

Layihə çərçivəsində Ağdaş Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati binanın tikintisi də davam etdirilir.

Ağdaş şəhərində tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq görülür.

Yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Türyançayda quraşdırılmış drenaj sistemi vasitəsilə fasiləli rejimdə verilirdi. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri bütün abonentləri əhatə etmirdi və istismara yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı" çərçivəsində Ağdaş şəhəri ilə yanaşı, Göyçay, Beyləqan və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində şəbəkələrin tikintisi yekunlaşıb, Ağcabədi şəhərində isə tikinti-quraşdırma işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.

  • Əvvəlki

    Rusiyanın neft gəlirləri artıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0