USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yol polisindən məhkəməyə şikayət edə biləcəksiniz

15.09.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” qərarına dəyişikliklər edilib.

"Kommersant.az" xəbər verir ki, dəyişikliyə görə, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Digər dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulmasını həyata keçirən orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət oluna bilər.

"Burada cəzadan daha çox, məhkəməyə şikayət etmək hüququndan bəhs edilir".

Bunu redaksiyamıza açıqlamasında hüquqşünas Xəyal Məmmədxanlı bildirib. Onun sözlərinə görə, daha əvvəlki bir sıra qaydalarda DYP əməkdaşının yol verdiyi süründürməçilikdən məhkəməyə şikayət etmək mümkün deyildi:

"Azərbaycanda sürücü və nəqliyyat vasitəsi sahiblərinin hərtərəfli məsuliyyətini və buna görə inzibati cəza müəyyən edən normalar mövcuddur. Lakin, eyni sözü inzibati orqanlar haqqında demək olmaz. Bir çox hallar var ki, sürücüləri və nəqliyyat vasitəsi sahiblərini süründürürlər, incidirlər və hətta onların hüquqlarını pozurlar. Buna baxmayaraq, onlara qarşı inzibati cəza mexanizminin olmaması bir çox halda "üzr istəyirəm" və ya "əməkdaşı cəzalandırdıq" sözləri ilə yekunlaşır. Qərardakı dəyişikliyə əsasən, artıq sürücülərə haqsız münasibət bəsləyən, onların işini get-gələ salan, süründürən orqan əməkdaşları barəsində məhkəməyə müraciət etmək mümkün olacaq. Əslində, əvvəlcə də bu mümkün idi. Sadəcə, birbaşa əsasnamədə olmadığı üçün, ümumi əsaslarla şikayət verməli olurdun".