“3 illik mürəkkəb dövrdən sonra bu ildən başlayaraq həm real, həm də maliyyə sektorunda canlanma meylləri müşahidə olunmaqdadır”.
"Kommersant.az" bildirir ki, bunu Bakıda, Astana Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biznesin maliyyələşdirilməsi və inkişaf üçün yeni imkanlar” mövzusunda tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib.
“Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda bank aktivləri 4,6% artaraq 29,2 mlrd. manatı, o cümlədən bankların kredit portfeli 5% artaraq 11,9 mlrd. manatı ötüb. Sektorun kapitallaşma səviyyəsi əhəmiyyətli dərəcədə - təxminən 11% yüksələrək, 4,1 mlrd. manatı üstələyib. Əhalinin banklardakı əmanətlərində 8,4% artım müşahidə edilib, əmanətlər 8,2 mlrd. manata çatıb. Oktyabrın 1-nə real sektor üzrə kredit portfelinin təxminən 63%-i biznesin maliyyələşdirilməsinə yönəldilib ki, bu 7,7 mlrd. manatdan çox deməkdir”, - deyə o, qeyd edib.
Y.Abdulovun sözlərinə görə, 2000-ci ildən bəri bank sektoruna 14,3 mlrd. manat kapital qoyulub: “Bununla da sektor müəssisələrin şəxsi vəsaitlərindən və dövlət büdcəsindən sonra əsas kapitala investisiyaların yönəldilməsində 3-cü əsas daxili mənbə rolunu oynayıb. Təkcə bu ilin ilk 10 ayında bank kreditləri hesabına iqtisadiyyata 1,5 mlrd. manata yaxın pul qoyulub ki, bu da daxili mənbələr hesabına kapital qoyuluşlarının 13%-ni təşkil edir".