"Azərbaycan Kredit Bürosu" MMC-nin təsisçilərinin ümumi yığıncağı keçirilib.
İclasda gündəlikdə duran məsələlərlə yanaşı təşkilati işlərə də baxılıb və yeni tərkibdə Müşahidə Şurasının (MŞ) formalaşdırlması haqqında qərar qəbul edilib.
Asəf Hüseynov MŞ-nın sədri, Şakir Rəhimov, Fərid Məmmədov, Elşən Bədirxanov, Kamran Məcidov, Zamiq Məmmədov, Ahmet Kudret İşler isə MŞ-nın üzvləri təsdiq edilib.
Qurumun yeni tərkibdə ilk iclasında ölkə prezidentinin 4 may 2018-ci il tarixli qərarı ilə “Kredit Büroları haqqında” qanuna edilmiş dəyişikliklər müzakirə edilib və normativ aktdan irəli gələn tələblərin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb. Kredit tarixçələrini təşkil edən məlumatların daha da zənginləşdirilməsi üçün kommunal xidmətləri göstərən müəssisələrin informasiya sistemlərinin Büro ilə daha sıx inteqrasiyası üçün qarşıda yeni vəzifələr müəyyən edilib.
Yekunda Büronun fəaliyyətinin daha da genişləndiririlməsi məqsədi ilə yeni məlumat təchizatçılarının və istifadəçilərinin cəlb olunması, eyni zamanda vətəndaşlar tərəfindən Büronun xidmətlərinə əlçatanlığı daha da asanlaşdırmaq üçün qərarlar qəbul edilib.
Xatırladaq ki, “Azərbaycan Kredit Bürosu” ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.