Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsinə prudensial nəzarəti gücləndirir.
"Kommersant.az" xəbər verir ki, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a əsasən, I dərəcəli kapitalın 10%-dən çox olan məbləğdə təminatsız kreditin və ya I dərəcəli kapitalın 25%-dən çox olan məbləğdə təminatlı kreditin verilməsi riskdir.
Bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna bankın I dərəcəli kapitalının 25%-dən çox olan məbləğdə verilən təminatlı və təminatsız məcmu kreditlər də iri kredit riski hesab olunur.
Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur:
kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manatdan artıq olduqda KTN əmsalı (kreditin təminata olan nisbəti) 60%-dən çox olmamalıdır;
kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Qaydalar 29 dekabr 2018-ci il tarixindən qüvvəyə minəcək.