USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan 2 milyarddan çox dollar çıxarılıb: Bu pulları kim və necə "daşıyıb"?

18.12.2018 Bank
0 0
"Azərbaycandan rəsmi qaydada kapital çıxararaq Türkiyədə, Rusiyada, İranda və digər ölkələrdə yatırım edənlər var. Bir də qeyri-leqal çıxarılışlar var. Bunlar ayrı-ayrı məsələlərdir".

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcminin artaraq 2 mlrd. 103,5 mln. dollara çatmasının səbəbləri barədə danışarkən deyib.

Deputatın fikrincə, bunun üçün araşdırmaq lazımdır ki, Azərbaycandan çıxarılan 2 milyarddan çox vəsait hansı sahələrə yönəldilib və necə çıxarılıb: "Bunları araşdırmadan ölkədən kapital çıxarılışının artımının hansı səbəbdən baş verdiyini və onun tərkib hissəsini demək çətindir. Dəqiq bilmək lazımdır ki, çıxarılan kapital investisiya şəklində yatırılıb, yoxsa başqa məqsədlər üçün, ticarət üçün çıxarılıb, bəlkə də qeyri-leqal formada hansısa hesaba yatırılıb. Bunları bilmək lazımdır".

Azərbaycandan 2 milyarddan çox dollar çıxarılıb: Bu pulları kim və necə "daşıyıb"?V. Əhmədovun sözlərinə görə, Azərbaycandan çıxarılmış 2 milyarddan çox dollar az vəsait deyil: "Azərbaycan Mərkəzi Bankı pul-kredit siyasətini müəyyən qədər sərtləşdirib. Yəni pul kütləsinə nəzarət mexanizmini həyata keçirir. Əvvəllər ölkədən çıxarılan vəsaitlər barədə o qədər də dəqiq məlumatlar olmurdu, ancaq indi müəyyən məlumatlar alırlar, banklarla maraqlanırlar və vəsaitin hara getməsi barədə öyrənirlər".

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbacandan kapital çıxışının həcmi kritik həddə deyil: "Müqayisə üçün Rusiyada bu rəqəm son 3-4 ildə az qala yarım trilyon dollara çatıb. Rusiya Qərbin böyük sanksiyaları ilə qarşı-qarşıya qalıb. Ölkə əhalisi bir neçə ildir sanksiya rejimi şəraitində yaşayır. Rusiyad həm yerli, həm də xarici iş adamları gördükləri iş müqabilində qısamüddətli düşünürlər, yəni gördükləri iş müqabilində əldə etdikləri gəlirlərin ölkədən tez çıxarılmasının yollarını axtarırlar. Ümumiyyətlə son 3 ildə bu ölkədən kapital axını fantastik dərəcədə artıb. Bu barədə müxtəlif hesablamalar. Son 3-4 ildə az qala yarım trilyon dollar çatır".

Azərbaycandan 2 milyarddan çox dollar çıxarılıb: Bu pulları kim və necə "daşıyıb"?Ekspert bu baxımdan Azərbaycanda vəziyyətin bir az fərqli olduğunu düşünür: " Keçən illə müqayisədə cüzi artım var və kəskin artım müşahidə olunmur. Azərbaycandan kapital çıxarılışının kanalları müxtəlifdir. Bu, pul köçürmələri, valyutanın çıxarılıb hansısa ölkədə biznes fəaliyyəti üçün istifadə ola bilər. Təbii ki, bunun içində korrupsiya pulları da var. Azərbaycanda korrupsiyanın səviyyəsi heç də Rusiyadan az deyil. Əsasən büdcə korrupsiyası geniş yayılıb. Bundan əlavə, xaricdə əmlak almaq və biznes qurmaq istəyən azərbaycanlıların sayı da artıb. Azərbaycanda biznes şəraitinin və bank sektorunun zəif olduğunu nəzərə alaraq, əsasən Türkiyə və Gürcüstanda belə əməliyyatlar keçirilir. Hər iki ölkədə - Türkiyə və Gürcüstanda daşınmaz əmlak alanların siyahısında azərbaycanlılar ilk beşlikdə yer alırlar. Yəni müxtəlif kanallar və istiqamətlər var. Təbii ki, ölkədən çıxarılan kapitalın tərkibində çirkli pullar və korrupsiya pulları da var".

Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyə balansına əsasən, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur. Qeyd edək ki, bu ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.