Mərkəzi Bank kommersiya banklarına güzəşt edib. "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları"na edilən dəyişikliklərə əsasən, indi bankların rezervləri daha çox olacaq. Ekspertlər hesab edirlər ki, Mərkəzi Bank tərəfindən edilən bu güzəştlər, kommersiya banklarını öz müştərilərinə güzəştlər verməyə vadar etməlidir.
"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bank dövriyyədəki pulları artırmaq üçün tədbirlər görüb. Qeyri-qənaətbəxş aktivlər, yəni qaytarılma müddəti 60 gün gecikdirilmiş problemli kreditlər üzrə ehtiyat dərəcəsini 30%-dən 25%-ə, təhlükəli aktivlər, yəni 6 ay ərzində ödənilməyən kreditlər üzrə isə 60%-dən 50%-ə endirib.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılacaq. Ehtiyatların dərəcələri qənaətbəşx aktivlər üzrə 1%, ümidsiz aktivlər üzrə 100% təşkil edir. İqtisadçı Vüqar Bayramov banklara edilən güzəşti belə izah edir:
"Misal olaraq 1 mln. Qeyri - qənaətbəxş aktivləri var. Və əvvəllər həmin 1 mln. görə 300 min dollar ehtiyyat normasına ehtiyac var idi. Artıq bu rəqəm 300 min deyil, 250 min dollar olacaq. Nəticədə 50 min dollar sərbəst aktiv kimi , bank tərəfindən istifadə oluna biləcək".
Bu isə kommersiya banklarına aktivləri artırmaq imkanı verəcək. Yeni qaydaların yanvarın 6-dan qüvvəyə mindiyini xatırladan iqtisadçı hesab edir ki, Mərkəzi Bankın bu güzəştləri, əslində kommersiya banklarının da vətəndaşlar üçün güzəşt paketinin təqdim edilməsinə gətirib çıxarmalıdır. Vüqar Bayramov belə deyir:
"Bu baxımdan biz təklif edirik ki, Mərkəzi Bankın güzəştlərindən sonra kommersiya bankları , xüsusi ilə dollarla olan kreditlərin müddətinin uzadılmasi, uzadılan müddətdə faizlərinin hesablanmaması, eyni zamanda faiz dərəcələrinin aşağı salınmasına baxsın. Çünki bütövlükdə bankın mənfəəti və zərərinin az olması, onu müştərilərinin ödəmə qabiliyyətindən asılıdır".