2018-ci il maliyyə sektorunda, bankların bir-birlərinə qarşı rəqabəti, yeni plastik kartların istifadəyə verilməsi və bir çox kampaniyalarla yadda qalıb.
"Kommersant.az" bankların il ərzində neçə xəbər verdiyini araşdırıb. Ortaya çıxan nəticə isə nə qədər gülməli olsa da o qədər də maraqlıdır. Belə ki, il ərzində müştərilərinə ən az məlumat verən bank, "Naxçlvan Bank" olub. İl ərzində vaxt tapıb 3 xəbər verdikləri üçün sözügən banka əhsən deyirik.
Ən az məlumatlandıran banklar
"Naxçıvan Bank"ı başa düşdük amma "Ziraat Bank (Azərbaycan)"ın il ərzində 5 xəbər verməsi müştərilərinə qarşı biraz hörmətsizlikdir. Axı sən Türkiyədə 155 illik tarixə sahibsən. Azərbaycanda bu qədər passiv olmağın qəribədir.
"Günay Bank" ilin 3-cü rübünə qədər passiv olsa da sonradan bankda keçirilən kadr dəyişikliyi bankın yenidən ictimaiyyətə açıq olması ilə yadda qalıb. İl ərzində 8 xəbər verən bankı bir qədər başa düşmək olar və 2019-cu ilin sonuna qədər bu məsələnin də həll olunacağı güman etmək heç də çətin deyil.
"Access Bank" və "Yapı Kredi (Azərbaycan)" da il ərzində 8 xəbərlə müştərilərini kifayətləndirib.
Müştərilərini ən çox məlumatlandıran banklar
Rəsmi internet saytında il ərzində 90 xəbər verməklə müştərilərini ən çox məlumatlandıran bank "Kapital Bank" olub.
"Kapital Bank"dan sonra ikinci sırada "Azərbaycan Beynəlxalq Bankı" durur. Amma arada 23 xəbərlik böyük fərq var. Hansı ki, siyahıdan məlum olduğu kimi il ərzində heç 23 xəbər verməyən banklar var.
Ən çox xəbər verən "Rtail" bank
Əslində korporativ banklarla müqayisədə "Rtail" banklar daha çox xəbər verməli idi. Amma bura Azərbaycandır və bu reallığı göz önünə qoymalıyıq. Bu reallığı kənara qoysaq, 1-ci sırada 62 xəbərlə "UniBank", 2-ci sıranı isə 54 xəbərlə "Bank Respublika" tutur.
Əvvəlcə vakansiya verib, sonradan ixtisar edən bank
Təbii ki, söhbət, son günlər adı bir neçə dəfə işçi ixtisarlarında hallanan "AFB Bank"dan gedir. Bankın il ərzində 49 xəbər verdiyinə aldanmayın. Bunların əksəriyyəti vakansiyalardır. Sonra nə oldu? Təbii ki, şöbə müdirləri də daxil bir neçə nəfər ixtisara getdi.
Bankınızı seçərkən onun sizlərə nə qədər məlumat verdiyinə, il ərzində sizləri nə qədər məlumatlandırdığına, neçə kampaniya keçirdiyinə və s. diqqət yetirin.