Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 81,68%-i və ya 10 milyard 262 milyon 852 min manatı Bakı şəhərinin payına düşür.
"Kommersant.az" xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə ümumilikdə kredit portfelinin həcmi 12 milyard 564 milyon 150 min manat təşkil edib.
Bunun 7 milyard 892 milyon 756 min manatı milli valyutada, 4 milyard 672 milyon manatı isə sərbəst dönərli valyutada verilib. Kreditlərin regionlar üzrə xüsusi çəkisinin az olması ilə yanaşı, faiz dərəcələrində də fərq var.
Statistik məlumatlara görə, kredit həcminə görə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. 11 ayda bu rayona 572 milyon manat həcmində kredit qoyulub ki, bu da portfeldə 4% pay deməkdir.
Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 510 milyon manat təşkil edir və bu rayon üçüncüdür. Gəncə-Qazax iqtisadi rayonuna 475 milyon manat, Lənkəran iqtisadi rayonuna 208 milyon manat kredit verilib.
Kredit qoyuluşunun cəmi 1,3%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin 11 ayında Quba-Xaçmaz iqtisadi rayonuna 163 milyon 871 min manatlıq kredit qoyulub.
Şəki-Zaqatala iqtisadi rayonunun kredit portfelindəki payı 1,25% olub və buraya 157 milyon manat kredit verilib. Naxçıvana verilən kreditin həcmi isə 103 milyon manat olub ki, bu da portfeldə cəmi 0,82% çəkiyə malikdir.
Kredit qoyuluşlarının 61 mln.109 min manatı Dağlıq Şirvan iqtisadi rayonuna, 49 mln. 453,5 min manatı Yuxarı Qarabağ iqtisadi rayonuna, 283 min manatı Kəlbəcər-Laçın iqtisadi rayonuna düşür.
Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Yuxarı Qarabağ (24,8%) və Dağlıq Şirvan iqtisadi rayonunda (23,9%) qeydə alınıb. Ən aşağı faiz dərəcəsi 9,7% təşkil edib və bu faizlə kredit Naxçıvana verilib.
Milli valyuta ilə verilən kreditlərdə Yuxarı Qarabağ iqtisadi rayonundakı faiz göstəricisi hətta 25.3% təşkil edir. Valyutada verilən kreditlərdə isə 20.8% göstəricisinə rast gəlmək olar və bu Dağlıq Şirvan iqtisadi rayonunun payına düşür.