"Bu gün Azərbaycan banklarında və bank olmayan kredit təşkilatlarında (BOKT) mövcud olan problemli kreditlər, əsasən, manatın 2015-ci ildəki ilk devalvasiyasından əvvəl və sonra götürülmüş kreditlərdir. 2-ci devalvasiyadan sonra verilmiş kreditlərin ödənişi ilə bağlı elə də çox problem yoxdur".
"Kommersant.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. "Bu da onunla bağlıdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ilin aprel ayında ilk addım olaraq "Məsuliyyətli kreditləşdirmə qaydaları" qəbul edib. Bununla da, əhaliyə xarici valyutada kreditlərin verilməsi məhdudlaşdırılıb, həmçinin kredit verilərkən vətəndaşların aylıq gəliri, yaşayış minimumu nəzər alınır. Son nəticədə problemli kreditlərin yaranmasının qarşısı alınıb.
Amma həmin qaydalar Palatanın normativ aktı kimi qəbul edilməyib, yəni Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyib. Buna görə də məcburi qüvvəsi yoxdur, yalnız tövsiyə xarakterlidir. Sabah hansısa bank, yaxud BOKT buna əməl etməsə, onu cəzalandırmaq mümkün olmayacaq. Hətta məndən də banklardakı tanışlar soruşanda deyirəm ki, bu qaydalara əməl etmək məcburi xarakter daşımır və ona əməl etməsəniz, heç kəs sizi cəzalandıra bilməz. Bəlkə də, hansısa banklar bu qaydalara riayət etmirlər və bu da sabah problem yarada bilər", - deyə o qeyd edib.