Kredit götürmək istəyənlərin nəzərinə - Faiz dərəcələri aşağı düşə bilər
0
0
"Banklar qısa müddətdə daha çox gəlir qazanmağa çalışırlar..."
"Kommersant.az" xəbər verir ki, bir neçə gün əvvəl Hesablama Palatası tərəfindən bankların faiz dərəcələrinə qoyulan məhdudiyyəti azaltmaqla bağlı fikir müzakirəyə çıxarılıb. Ümumiyyətlə, bu gün ölkədə faiz dərəcələrinin yüksək olması problemin həllini zərurətə çevirib. İqtisadçılar da belə düşünür.
Ekspert Vüqar Bayramov açıqlamasında banklardakı faiz dərəcələrinin yüksək olduğunu bildirib:
“Faiz dərəcələrinin yüksək olması əvvəla bankların özü üçün problemdir. Nəzərə alsaq ki, bu gün bankların kredit portfeli 12 milyard manatdan artıq, depozit portfeli 8 milyard manatdır və depozit portfeli kredit portfelinin 65% - i təşkil edir. Bu, o deməkdir ki, bankın təklif etdiyi hər 100 manat kreditin 65 manatı depozit portfeli hesabına formalaşır. Yəni. banklar vətəndaşdan pul alıb onu kredit kimi verirlər. Depozit və kredit faizlərinə nəzər yetirsək görərik ki, manatla depozit faizi aparıcı bankların 7% - i ətrafında dəyişir, xarici valyutalar üzrə depozit faizi isə 1% - dən azdır. Hətta xarici banklarda bu illik 0,1% - ə düşüb. Amma kredit faizlərinə baxsaq, manatla kredit faizləri 30% - ə qədər yüksəlir, xarici valyutada isə kredit faizləri 12-16% intervalında dəyişir.
Banklar vətəndaşdan aldığı pulu 4 dəfə baha insanlara təklif edir
Kommersiya bankları vətəndaşdan vəsaiti 1% - dən az alır, amma 12% - dən çox verir. Və ya manatla vətəndaşdan 7% - dən aldığı pulu təxminən 4 dəfə baha, 30% - ə yaxın təklif edir. Bu isə praktik olaraq xəbər verir ki, bankların depozit siyasəti ilə kredit siyasəti arasında kəskin fərq var. Çox təəssüf ki, banklar qısa müddətdə daha çox gəlir qazanmağa çalışırlar. Bu konteksdən də yüksək faizlər tətbiq etməklə gəlir qazanırlar, amma unudurlar ki, bu qədər yüksək faizlər həm də problemli kreditlərin həcminin artmasına səbəb olur. Bu gün problemli kreditlərin həcmi 1,5 milyard manatdır. Bu isə ümumi kredit portfelinin 12% - i deməkdir. Beynəlxalq standartlara əsasən bu dərəcə 3% - dən çox olduqda qəbul edilmir. Azərbaycanda isə problemli kreditlərin ümumi kreditlərdə payı ikirəqəmlidir. Amma banklar bütün bunlara baxmayaraq, yüksək faizlərlə kredit vermək siyasəyini davam etdirir”.
Ekspert problemli kreditlərin azaldılması üçün faizlərin hansı səviyyədə saxlanmalı olduğunu da qeyd edib:
“Əvvəla bunun üçün bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var. Rəqabət olsa, sektor özü faiz dərəcələrini aşağı salacaq. İndiki halda təklif edirik ki, manatla istehlak kreditlərində maksimum hədd 22% müəyyənləşdirilsin. Bu, o deməkdir ki, banklar 22% - dən çox faiz təklif edə bilməsinlər. Xarici valyutada isə bu rəqəm birrəqəmli, yəni 10% - dən aşağı olmalıdır deyə düşünürəm”.