USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İcbari tibbi sığortaya hazırlıq”: TƏBİB müəssisə rəhbərləri ilə görüşdü

11.04.2019 Bank
0 0
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbərləri ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

P.Abubəkirov deyib ki, məqsəd icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.

Görüşdə səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, eləcə də 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbəri iştirak ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyin yaradılmasına, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaq.

Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhiyyəyə ayırdığı diqqətindən danışıb. Bildirib ki, Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda sağlamlaşdırıcı aksiyalar, ürək çatışmazlığından və digər patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. X Əhədov icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Zaur Əliyev isə səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsində icbari tibbi sığortanın əhəmiyyətini qeyd edib. Z.Əliyev xəstəxanadaxili qeydiyyat sisteminin yeni tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb.

Agentliyin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova "Xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq tədbirləri" mövzusunda təqdimatla çıxış edib. O, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsinin, təchizatının yaxşılaşdırılmasının, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Ş.İsmayılova həmçinin, icbari tibbi sığortanın xidmətlər zərfi və maliyyə mənbələri barədə də danışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli, 418 nömrəli fərmanına əsasən 1 yanvar 2020-ci il-dən etibarən bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri Agentliyin nəzdində yaradılan TƏBİB-in tabeliyinə veriləcək.