Problemli kreditlərin həllinə dair bəzi məsələlər hələ də sual altında qalır.
"Kommersant.az" xəbər verir ki, problemli kreditlərin həlli problem olaraq qalır. Belə ki, qanuna görə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) kompensasiyanı (pulu) krediti götürən şəxsə verəcək.
O zaman sual olunur ki, krediti götürən şəxs krediti ödəməkdən imtina edibsə və bank sözügedən krediti zamindən alıbsa, o zaman necə olacaq?
Krediti götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiyanın kimə ödəniləcəyi qaydalara əsasən, fərdi şəkildə müəyyən olunacaqdı. Məsələn, hər hansı vətəndaşın 10 min dollar kredit borcu olub və həmin borcu ödəməkdən imtina edib. Belə olan halda məhkəmə qərarı ilə borc zaminin əmək haqqından tutulub. Bu zaman zamin müraciət edib fərdi qaydada məsələyə baxılmasına nail olmalı idi.
Bəs indi nə baş verir?
"Kommersant.az"-ın qaynar xəttinə gündə onlarla problemli kreditdən əziyyət çəkən insanlar müraciət edir. Təbii ki, bunların arasında zaminlər də var. Müraciətlərdən birində deyilir:
"Mən 2014 -cu ildə bankların birində 14 min dollara zamin durmuşam. Krediti götürən şəxs devalvasiya olana qədər borclu olduğu məbləği bankın tətbiq etdiyi annuitet qaydada ödəyib. Devalvasiyadan sonra banka olan borcunu ödəmədiyi üçün 2018-ci ildə məhkəmə avtomobilimə əl qoydu. Mənə isə dedilər ki, 10 min dollar ver krediti bağlayaq. Məhkəmə yolu ilə avtomobilimə əl qoyan bank isə hazırda kompensasiyaların yalnız krediti götürən şəxslərə şamil olunduğunu deyir. Palatanın düzgün qərar vermədiyinə və verdikləri qərarın problemli krediti olan hər kəsi əhatə etmədiyinə inanıram".
Bununla bağlı banklara yönləndiriyimiz oxucular eyni cavabı alırlar: Kompensasiya yalnız kredit götürən şəxslərə verilir. Amma biz sizin müraciətinizi Palataya göndərib oradan cavab gözləməliyik.
Güman edirik ki, palata problemli kreditləri ödəyən zaminlərlə bağlı da qərar verəcək və bu qərar fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verilən qərar kimi tələsik və səhvlərlə dolu olmayacaq.