Sabahdan “Kapital Bank” ASC 2018-ci ildə əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəməyə başlayacaq.
"Kommersant.az" xəbər verir ki, bankdan verilən məlumata görə, “Kapital Bank”ın səhmdarlarının aprelin 12-də keçirilmiş illik yığıncağında Bankın ötən il əldə etdiyi təxminən 91 milyon manat xalis mənfəətin səhmdarlara ödənilməsinə qərar verilib. Beləliklə, Banka məxsus, hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmin hər birinə görə 6,04 manat dividend ödəniləcək. Ödənişlər kredit təşkilatının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60 ünvanında yerləşən “Mərkəz” filialında həyata keçiriləcək.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Bankın səhmlərinin 99,87%-i daxil olduğu holdinqə, 0,13%-i isə 190 fiziki şəxsə məxsusdur. Bank səhmlərinin 99,87 faizi “PAŞA Holdinq”ə, 0,13 faizi isə digər səhmdarlara məxsusdur.