Bankların marketinq departamenti əslində müştərilərin tanımadığı, amma müştərini banka birbaşa cəlb edən departamentdir. Bəzi banklar reklam şöbəsi də adlandırır.İstər marketinq departamenti deyək, istər reklam şöbəsi, aşağı - yuxarı hər iki şöbə eyni işi görür. İşi isə çox ağırdır: bankı ictimaiyyətdə tanıdır, nüfuzunu qaldırır, bank məhsullarını müştərilərə təqdim edərək banka loru dildə desək, pul qazandırır.
Mən, Odər Qəni. Azərbaycanda fəlaiyyət göstərən 30 bankdan ən az 20-də olmuşam. İşimiz maliyyə sektoru, əsasən də banklar olduğuna görə yuxarıda adı çəkilən şöbələrlə birbaşa tanışam. Bu yazıda sizlərə o tanımadığınız şöbənin mətbəxini danışacam. Bankın adı çəkilən şöbəsinə ayaq basdığınız anda duyduğunuz aura çox şey deməyə kifayət edir.
Məsələn, "Bank of Baku"ya getdiyimiz zaman Gülşən Cumayevanın komandası ilə qarşılaşırıq. Tam səmimi deyirəm, məncə, müştəri qismində də getsəniz, qarşınıza ən azı çay qoyacaqlar. Şöbədə aura o qədər müsbətdir ki, məndən "çay, yoxsa qəhvə?" deyə soruşanda rahat şəkildə "baxın da, amma nəzərə alın ki, nahar etməmişəm" deyə bilirəm. "Bank of Baku"nun marketinq şöbəsindən uzun - uzadı danışmaq olar, sadəcə sizi çox yormadan digər banka keçid alaq. Bu da sizə sözüm olsun ki, bir gün bu bankın marketinq şöbəsindən xüsusi yazı yazacam. Hətta icazə versələr, bir günlük qonaqları olub video sujet də hazırlaya bilərəm. Adı üstündə "Sizə Yaxın Bankçılıq".
"Bank Respublika"nın bir-birindən dəyərli əməkdaşları, Əli Daşdəmirovun komandası. "Əhsən!" deyib kənara çəkilmək lazımdır çünki insanlar işlərinin peşəkarıdır, hər biri özü-özündə bir şöbədir. Çingiz Əsədov, Ramil Bayramov işlərinin peşəkarı olmaqla yanaşı, həm də psixoloqdur. Sanki bankın qarşısından keçən hər insanın bankdan gözləntisini anlayıb ona görə addım atırlar. Bu şöbənin də çox pozitiv aurası var. Davamlı getmək istəyəcəyiniz bir bankdır. Getməyiniz isə "Sizə Faydalıdır".
Nigar Kərimova və ya Gülçin Qədirova - bir-birindən gözəl və savadlı 2 xanım, "Bank VTB"-nin marketinq şöbəsinin kraliçaları. Bu insanlarla gülmək çox rahatdır. Bankda keçirdiyimiz görüşlər o qədər pozitiv olur ki, adamın "mən oturum, saat 6-da iş bitəndə gedərik" deməyi gəlir. Bir anlıq insan özünü o şöbənin fərdi kimi hiss edir. Əslində bu çox incə məsələdir. Bunu hər bank üçün demək çox çətindir. Bu xanımlar işlərinə çox yaradıcı yanaşırlar və gördükləri işin məsuliyyətini də tam götürürlər. Məsələn, dünən 9%-lik aksiyaya start veriblər və əminliklə deyə bilərəm ki, əgər həmin məhsulu bu xanımlar reklam edirsə, o zaman 100% effektli olacaq. İşlərinizdə uğurlar, əziz şöbə əməkdaşları.
"Amrah Bank" ın marketinq və reklam şöbəsi. Əslində bu yazı tam səmimi olaraq yazılır. Ona görə də tam səmimi deyə bilərəm ki, şöbənin bütün işçiləri ilə tanış deyiləm. Amma onu deyə bilərəm ki, şöbənin müdiri Şəfiqə Hacıyeva özü - özlüyündə bir şöbədir. Adını çəkməyəcəm, bir də idarə heyətinin üzvü var. Əslində doğrusu, mənə digər banklara nisbətən bu insanlar daha yaxındı, çünki çox səmimi əməkdaşları var. Bir neçə bankla müqayisədə çox şəffaf və peşəkar bir bankdır. Ən əsası isə bankın sözügedən şöbəsinin Şəfiqə Hacıyeva kimi kapitanı var. Bir də şöbənin Elmira Vəliyeva kimi güclü qələm sahibi olan üzvü var. Oxuduğunuz press-relizlərin əksəriyyətini E.Vəliyeva yazır.
"Ata Bank"da sözügedən şöbənin kapitanı isə Oruc İbrahimovdur. Pozitiv bir komandası var. Ona görə də "Ata Bank" bir addım öndə gedir. Kollektiv nə qədər istiqanlı və pozitiv olsa, işi bir o qədər asan gedər. Bankın hesabatlarından da bəlli olur ki, "Ata Bank" hər gün daha da böyüməkdədir. Bu isə təbii olaraq ilk növbədə reklam şöbəsinin məharətidir. Sükanı belə saxlayın, böyük uğurlar sizinlədir. Bu formada davam etsəniz, iki addım önə çıxacağınızı proqnozlaşdırıram.
"Muğan Bank"ın baş ofisi bizim ofisə qonşudur. Marketinq şöbəsinin lideri isə Orxan Bayramov hər telefon danışığımızda "vaxt elə, gəl, çay içək" deyir. Məncə, artıq sözə ehtiyyac yoxdur, amma bu qədər xoş insanlarla bir araya gəlmək özü insana qürur verir. Kiçik komandası ilə daim iş qüvvəsinə sahib olan şöbə üzvləri hər dəfə yeni layihələrlə bizləri təəccübləndirməyə davam edir. "Bu layihə ağıllarına necə gəlib?" deyə suallar yaranır. Hər bir halda işi bir kənara qoysaq, əminliklə demək olar ki, bu şöbə çox böyük ürəyə sahibdir.