Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in kapitalı 28% artırılaraq 2,112 mlrd. lirəyə çatdırılacaq.
"Kommersant.az" xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.
"Aprelin 29-da şirkətin ümumi yığıncağında kapitalın 28% artırılaraq 1,650 mlrd. lirədən 2,112 mlrd. lirəyə çatdırılması qərara alınıb",- məlumatda qeyd edilib.
Məlumata görə, 462 mln. lirə məbləğindəki artım əvvəlki illərin mənfəəti hesabına qarşılanacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim"in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR "Petkim Holding"də 51% paya malikdir. "Petkim"in qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.