USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank” bu ilə mənfəətlə başladı - HESABAT

30.04.2019 Bank
1 0
“Günay Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 203,731 milyon manat təşkil edib.

“Kommersant.az” banka istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 6,2% çoxdur.

“Günay Bank”ın aktivlərinin 125,345 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 4,4% böyüyüb.

Hesabat dövründə “Günay Bank”ın cəmi öhdəlikləri 8,4% artaraq 141,179 milyon manat, o cümlədən deposit portfeli 12,1% azalaraq 78,604 milyon manat olub.

Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 9,8% azaldaraq 5,5 milyon manata endirib.

İl ərzində “Günay Bank”ın cəmi kapitalı isə 1,6% artaraq 62,552 milyon manata çatıb.

Bu ilin I rübündə “Günay Bank”ın faiz gəlirləri 2,819 milyon manat (ötən ilin I rübünə nisbətən 1% çox), faiz xərcləri 2,061 milyon manat (2,3 dəfə çox), qeyri-faiz gəlirləri 1,542 milyon manat (29,7% az), qeyri-faiz xərcləri 1,817 milyon manat (26,3% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 91 min manat (84,1% az) təşkil edib. Son nəticədə Bank rübü 391 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,1% azdır.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 50,81%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 38,94%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Ələsgərovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, yenə də 1,1%-i Əhəd Şirinova (MŞ-nın keçmiş üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.