USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Latviya Bankı: Azərbaycanda bank bazarı risklidir - MÜSAHİBƏ

12.06.2019 Bank
0 0
"Kommersant.az" Latviyanın məhşur "PNB Bank"ından müsahibə alıb. Müsahibədə Latviya banklarının gözündə Azərbaycanın bank bazarı necədir, Latviya bankları Azərbaycan bazarına girmək istəyirlərmi və s. kimi mövzular danışılıb.

Söhbətimizə sözügedən bankın İdarə heyətinin üzvü Dmitriy Kalmykovla başlayırıq.

Əvvəla salam. Sizinlə söhbətimizə Latviya bankları ilə başlayaq. Latviyada da banklara məcmu kapitalla bağlı limit tətbiq olunur?

- Salam, əvvəlcə müsahibə üçün sizlərə təşəkkür edirəm. Bəli. Latviyada da normal olaraq banklara məcmu kapitala görə limit tətbiq olunur.

Bu limit Latviyada hansısa bankın bağlanmasına səbəb olub? Məsələn, Azərbaycanda banklara 50 milyon manat (30 milyon avro) məcmu kapital limiti qoyulub. Buna görə də Azərbaycanda 10 - dan çox bankın lisenziyası ləğv olunub.

- Əslində düşünürəm ki, 30 milyon avro limiti çox yüksəkdir. Bu, bizim ölkədə 5 milyon avro olaraq müəyyənləşdirilib və Latviyada buna görə heç bir bank əziyyət çəkməyib. O ki qaldı bankın bağlanmasına, mənim son illərdə Latviyada hansısa bankın kapitaldan əziyyət çəkdiyinə görə və ya başqa bir səbəbə görə bağlandığı yadıma gəlmir.

Bankınızın Azərbaycan bazarına girmək kimi fikri olub?

- Xairici ölkədə filialın qurulması asan məsələ deyil. Biz bu barədə danışmışıq. Hətta bazar araşdırması üçün dəfələrlə Bakıya səfər etmişik. Amma bizim Azərbaycan bazarına girməyimiz hələki mümkün deyil. Əvvəla bunun üçün gərək Azərbaycan və Latviya arasında iqtisadi anlaşmalar olsun, bazar qurulsun və biz də bu bazara iştirakçı kimi qatılaq. Bundan başqa Azərbaycanda bank bazarı hazırki dövrdə çox risklidir. Kiçik araşdırma aparanda 2 il ərzində Azərbaycanda kifayət qədər bankın bağlandığını görürük. Bu, bizə biraz yadd məsələdir. Düzdür son dövrlərdə Rusiyada da kifayət qədər bankın lisenziyası ləğv olunub. Səhv etmirəmsə, hazırda Rusiyada 423 bank fəaliyyət göstərir ki, bu rəqəm əvvəllər 1000 - ə yaxın idi.

Azərbaycanda hansı bankları tanıyırsınız?

- Azərbaycanda neçə bank var deyə bilmərəm, amma "Paşa Bank""Kapital Bank"ı tanıyıram.

Azərbaycanda 30 bank lisenziya ilə fəaliyyət göstərir. Bunların arasında "Pakistan Mərkəzi Bankı", "Melli İran Bankı", Almaniya və Rusiyanın özəl bankları var. Həmçinin bizim də 2 dövlət bankımız "Beynəlxalq Bank" və "Azər Türk Bank" var. Latviyada ümumilikdə neçə bank var və bunların neçəsi dövlət bankıdır?

- Latviyanın əhalisi 2 milyon civarındadır. Bizim burada 15 bank fəaliyyət göstərir və bunlarına arasında dövlət bankı yoxdur. Əslində Latviyanın dövlət bankına ehtiyacı da yoxdur. Bu, əlavə yükdür. Bizim bir tək dövlət bankımız "Latviya Milli Bankı"dır ki, bu da bizə bəs edir (gülərək deyir).

Söhbətimizə Beynəlxalq marketinq şöbəsinin müdiri Andrey Borovoyla davam edirik.

Salam. Latviya banklarından bizə kiçik məlumat verməyinizi xahiş edirik. Kreditləriniz hansı faiz dərəcəsindədir, depoziti neçə faizlə qəbul edirsiniz?

- Salam, xoş gəlmisiniz və müsahibə üçün təşəkkür edirəm. Bizim ölkəmizdə 15 bank fəaliyyət göstərir və bunların arasında cənab D.Kalmykovun da qeyd etdiyi kimi dövlət bankı yoxdur. Kreditlərimiz ən yüksək halda illik 6%-lə hesablanır. Amma ortalama olaraq bu 4-5% civarında dəyişir. Depozitlərimiz isə 1% -dən başlayır.

Bizim ölkədə depozitlər 10%-dən başlayır. Baxmayaraq ki, 15%-dək yerləşdirilən depozitlər sığortalanır. Kreditlərimiz isə ən az halda 20%-dən başlayır. Bəs 1%-lə depozit qəbul etmək çətin deyil?

- Xeyr. Məsələn, sizinlə söhbətimiz baş tutmazdan əvvəl 200 min avroluq depozit qəbul etmişik və biz bunu 1%-lə rəsmiləşdirdik. Əslində 3%-lə də depozit qəbul edən banklarımız var. Əgər hansısa bank daha yüksək faizlə depozit qəbul edirsə, demək ki, onun pula ehtiyacı var. O ki qaldı depozitin sığorta məsələsinə bizim ölkədə belə bir şey yoxdur. Depozit müştərinin puludur və istədiyi vaxt onu bankdan götürməyə qadirdir.

Əgər bank bağlanarsa, o zaman müştərinin depoziti necə olacaq?

- Latviyada belə bir təcrübə yoxdur, amma bu kimi hal baş verərsə, müştəri yenə də bankdan pulunu geri ala bilir. Biz, avropa ölkəsiyik (gülərək deyir).

Avropa ölkəsi olmaq bank bazarına hansısa mənfi təsir göstərir?

- Əslində bunun da mənfi tərəfləri var. Məsələn, bizim sərhədlərimiz açıqdır və avro ölkələrinin vətəndaşları bizim ölkəmizə səfər edə bilər. Bu isə o deməkdir ki, bizim də insanlar digər avropa ölkələrinə miqrasiya edir. Qapılar açıq olduğuna görə isə banklarla pul köçürmələrinin sayı azalır. Bankla pul transferində faiz ödəmək yerinə açıq qapıdan pul keçirmək daha rahat və sərfəlidir deyə düşünülür.

İpoteka kreditləriniz neçə faizlədir və hansı şərtlərlə verilir? Məsələn, bizim ölkəmizdə güc strukturu, qarabağ əlilləri və s. 4%, digər insanlar isə 8% -lə ipoteka krediti ala bilir. Bu arada bunun üçün də növbəyə dayanmaq lazımdır. Məsələn mən 5 ilə yaxındır ki növbədəyəm və hələ də sıra mənə gəlməyib (gülərək).

Bu suala ən yaxşı halda bizim Biznesin ikişaf şöbəsinin meneceri Vladimir Kolmakov cavab verə bilər.

Əvvəla salam. İş yoldaşınız bu suala ən yaxşı sizin cavab verə biləcəyinizi dedi.

- Salam, müsahibə üçün əvvəlcə sizə təşəkkür etmək istəyirəm (gülərək). Mən yaxın günlərdə həyat yoldaşımla birlikdə ipoteka krediti götürmüşəm. Buna görə də sualı mənə yönəltdilər (gülərək). Bizim ölkədə ipoteka krediti 1%-lə verilir və buna görə heç bir sıra və s. kimi çətinliklər yoxdur. Əslində Latviya dövləti öz vətəndaşları üçün bütün imkanları yaradır. Məsələn bizim burada yeni qanuna görə əgər ipoteka krediti götürən şəxs kreditin vaxtı bitməmiş işdən azad olarsa o zaman sığorta şirkəti ipoteka kreditinin 80%-ni ödəyir.

Bu bizim üçün çox uzaq görünür. Bizim hökümətimiz də vətəndaşı üçün bütün imkanları yaradır. Məsələn ipoteka krediti üçün illərlə növbəyə durmaq lazımdır, bunun üçün çox uzun mərhələlər və çoxlu sənədlər toplanmalıdır və əgər krediti əldə etdikdən sonra işsiz qalıb krediti ödəyə bilməsən ipotekada olan evini əlindən alırlar (gülərək).

Biznesin inkişafı üçün hansı yeniliklər var?

- Əslində hələki yeni bir qanun yoxdur. Amma banklarımız biznesin inkişafına böyük dəstək verir. Ölkə üzrə kreditlərimiz də demək olar ki bunun üzərindədir. Biznes kreditləri hökümətimiz tərəfindən çox dəstəklənir və sahibkarlara çox dəstək verilir. Hətta demək olar ki, orta biznes üçün kredit götürmək də lazım deyil. Dövlətin dəstəyi kiçik və orta biznesin inkişafına və kreditsiz işin qurulmasına bəs edir.

Bizim ölkədə də belədir. Bir nəfər öz hesabına biznes qurduğu gün dövlət orqanları yaxınlaşaraq öz paylarını alır. Bizim hökümətimiz də Azərbaycanda biznesin inkişafına çox dəstək verir (gülərək).

- Mövzu deyəsən siyasiləşir (gülərək). Bəs siz bunları yazacaqsınız?

Ardı Var...