Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, bunu "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə memorandumu imzalanan zaman bildirib.
İmzalanmış memorandum ilə bağlı Konfederasiyanın yaydığı məlumatda xarici investorun və onun investisiya yatırmaq istədiyi şirkətin adı açıqlanmayıb.
"Badear Bhaişan Al-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş edib. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqlayıb", - Konfedrasiyanın məlumatında deyilir.
Xəbər verdiyimiz kimi, "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum "Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.
Marja.az