İyunun 18-dən etibarən AccessBank "Pulu gətir, Polo götür" adlı əmanət kampaniyasına start verib. Kampaniya və ümumiyyətlə əmanətlərlə bağlı suallara AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova cavablandıracaq.
- Günay xanım, maraqlı adı ilə seçilən kampaniyanın əsas özəlliyi nədədir?
- AccessBank olaraq biz hər zaman çalışmışıq ki, kampaniyalarımız fərqli və müştərilər üçün faydalı olsun. Hesab edirəm ki, bu kampaniyamız da əvvəlkilər kimi müştərilər üçün maraqlıdır. Bunu bugünə olan nəticələrdən də görürük. Kampaniyamızın əsas məqsədi əmanətçilərə yalnız faiz gəliri deyil, eyni zamanda avtomobil də qazanmaq imkanı verməkdir. Avqustun 31-dək AccessBank-da açılan əmanətlərin hər 5000 AZN məbləği müştərilərə keçirilən lotereyada 1 iştirak hüququ verir. Yəni, 10 000 AZN əmanət açan müştəri 2 iştirak hüququ qazanacaq, və s. Lotereyanın əsas uduşu Volkswagen Polo avtomobilidir. Lakin hədiyyələrimiz bununla bitmir. Bundan başqa, lotereyada iştirak edən doqquz nəfər balansında 500 AZN olan Mastercard Black Edition ödəniş kartına sahib olacaq.
Kampaniyamız yalnız əmanətçiləri əhatə etmir, sosial şəbəkə istifadəçiləri də bu kampaniyadan heç bir vəsait yatırmadan yararlana bilər. Bunun üçün baş ofisimizin qarşısındakı avtomobil stendi ilə foto çəkib sosial şəbəkədə paylaşmaq kifayətdir. "Şəkildəsən Şəkidəsən” aksiyamız çərçivəsində 2 nəfər Marxal Resort Hoteldə istirahət etmək imkanı əldə edəcək.
- Kampaniya artıq bir aydan çoxdur başlayıb. Müştərilərin göstərdiyi maraq gözləntilərinizi doğrulda bilib?
- Rəqəmlərin təhlili göstərir ki, kampaniya gözləntilərimizi artıqlaması ilə doğruldur. Sevindirici haldır ki, paytaxtla yanaşı regionlardakı müştərilərimiz də aktivliyi ilə seçilir. Ümumiyyətlə, 2019-cu ildə AccessBank əmanətlərin cəlb edilməsində rekord nəticələr əldə edib. Belə ki, bu ilin ilk yarısında əmanət portfelimiz 615 milyon manatı ötüb ki, ötən ilin analoji dövrü ilə müqayisədə 114 milyon manatlıq artımdan xəbər verir. Yeri gəlmişkən, bankın tarixində ilk dəfə olaraq portfelimiz bu səviyyəyə yüksəlib.
- İlin əvvəlindən bazardakı ümumi əmanət portfelinin kiçik artım nümayiş etdirdiyi bir vaxtda, AccessBank-ın portfeli əhəmiyyətli dərəcədə artıb. Bunu nə ilə izah edə bilərsiniz?
- Artıq uzun müddətdir bankımızın əmanət portfelinin artması ənənəvi hal alıb. Bu isə müştərilərimizin banka olan inamını göstərir. Yeri gəlmişkən, bu yaxınlarda komandamız tərəfindən əmanət məhsulu ilə bağlı kompleks sorğu aparıldı. Sorğunun nəticəsi bizi çox sevindirdi, belə ki əksər respondentlər əmanət yerləşdirərkən ilk öncə AccessBank haqqında düşünürlər. Maraqlıdır ki, sorğumuzda iştirak edənlərin əksəriyyəti bankımızın müştərisi deyil. Respondentlərin çoxu bildirib ki, əmanət yatırarkən onlar üçün bankın dayanıqlılığı, nüfuzlu təsisçilərin olması, şəffaf fəaliyyəti və xidmət keyfiyyəti əsas meyarlardır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bunların hər biri AccessBank-da var və bu səbəbdən minlərlə əmanətçi bizi seçir. Bankın mövqeləşdirilməsi üzrə apardığımız strategiyanın planlaşdırdığımız kimi qəbul olunmasını görmək komanda olaraq bizə çox xoşdur.
- Ümumiyyətlə, əmanət faizləri son dövrdə necə dəyişib?
- Artıq insanlar maliyyə cəhətdən daha məlumatlıdır, bazardakı təklifləri müqayisə edərək seçirlər. Yalnız yüksək faizə görə qərar vermirlər. Banklar da devalvasiyadan sonra risklərə daha çox önəm verməyə başlayıb. Artıq əmanətçiləri cəlb etmək üçün yüksək faizlər əvvəlki qədər böyük rol oynamır. Bundan əvvəl qeyd etdiyim
faktorlar ön plana çıxıb. Qısaca, hər iki tərəfdə müsbət tendensiyalar müşahidə olunur. Bu isə ümumilikdə ölkədəki bank sektorunun inkişafı üçün çox faydalıdır. Əmanətlərin dövlət tərəfindən sığortalanması da həm əmanətçilərin banklara olan inamının güclənməsi, həm də milli valyutada olan əmanətlərin artımına müsbət təsir edib. Sorğumuzun iştirakçılarının böyük hissəsi vəsaitlərini banklara etibar etdiklərini qeyd edib.
- Texnoloji yeniliklərin əmanət müştərilərinə hər hansı bir təsiri var?
- Hazırda bizim myAccess onlayn bankçılıq tətbiqimizdən müştərilərimiz əmanət üçün müraciət edə bilər, bu isə filialda açılma prosesini olduqca tez və rahat edir. Yaxın zamanda ümumiyyətlə filiala gəlmədən əmanət hesablarınn açılması imkanının təqdim edilməsini nəzərdə tutmuşuq. Prosesin kütləvi tətbiqinin sürətinə elektron imzanın tələb olunması təsir göstərir, lakin yeni nəsil vəsiqələrə keçilməsi bu prosesi getdikcə asanlaşdıracaq.
- Əməliyyatların onlayn platformaya keçməsi filialların işinə necə təsir edəcək?
- Bu proseslər paralel gedir və bankın onlayn platformada iştirakı artdıqca filiallarımızın əməliyyat yükü də azalır. Lakin bu birdən-birə olmur və bunun üçün uzun müddət lazımdır. Məsələn, bizim keçirdiyimiz əmanət sorğusunda müştərilərin 15%-i əmanət yerləşdirərkən canlı ünsiyyətə də əhəmiyyət verdiklərini xüsusi qeyd ediblər. Bu heç də kiçik göstərici deyil. Bacardığımız qədər müştərilərimiz üçün rahat olmalıyıq. Ümumiyyətlə, rəqəmsal bankçılığa keçid əməkdaşlarımızın texniki proseslərə deyil, müştərilərə diqqət yetirməsinə şərait yaradacaq. Artıq filial əməkdaşı daha çox bank məsləhətçisi funksiyası daşıyacaq.
- Hər hansı yeni əmanət məhsulu buraxmaq fikriniz var?
- Biz daima əmanət portfelimizin tərkibini təhlil edirik. Müştərilərin davranışını və onların bu və ya digər məhsullara olan tələbatını izləyirik. Əksinə deyərdim ki, mövcud əmanətlərin şərtlərinə dəyişikliklər edərək, az sayda lakin müştərilərə tam uyğun olan məhsullar təqdim etməyi planlaşdırırıq. Məqsədimiz müştərinin vaxtının çox alınmamasıdır. Çox seçim vermək həmişə yaxşı deyil. Bu səbəbdən müşahidələr və sorğular keçirərək seçim və xidmət prosesini tezləşdirməyə çalışırıq. Təsəvvür edin ki, 10 əmanət məhsulumuz olsa, müştəri hər birinin şərtləri ilə tanış olub qərar verməlidir. Bəzən isə seçim yalnız bir bankın məhsulları arasında edilmir, əlavə olaraq digər banklarla da müqayisədə aparılır. Ona görə əmanətlərimizi mümkün qədər aydın və müştərilər üçün faydalı etməyə çalışırıq. "Pulu gətir, Polo götür” kampaniyamız da məhz bu yanaşmaya uyğun hazırlanılıb.
Əmanət yerləşdirmək istəyən müştərilər çox gözləməsin, bu ayın sonunadək kampaniyamızda iştirak etsinlər. Çünki indi əmanət yerləşdirməyin əsl vaxtıdır!