Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 28 mln. avro və yaxud 0,92% artaraq 2018-ci il mayın 1-nə 3,070 mlrd. avro təşkil edib.
"Kommersant"ın məlumatına görə, verilmiş borclarda özəl sektorun payı dəyişməyərək əvvəlki aylar olduğu kimi 26% olub.
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 151 mln. avro və yaxud 7,13% artaraq 2,270 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 136 mln. avro və yaxud 16% böyüyərək 986 mln. avro olub.
Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 11 mln. avro yaxud 0,78% artaraq 1,429 mlrd. avroya bərabər olub.
EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 1 vahid yaxud 2,13% artaraq 48-ə çatıb.
Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.
EBRD-nin cari portfelinin 49,48%-i yaxud 707 mln. avroluq hissəsi enerji, 42,48%-i yaxud 607 mln. avroluq hissəsi infrastruktur, 4,90%-i yaxud 70 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,15%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb. (report)