2018-ci ilin ilk dörd ayı ərzində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana ümumi investisiyalarının həcmi 3,07 milyard avro təşkil edib.
Bu barədə "Kommersant" bankın hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycan AYİB-ə 290 milyon avro ödəyib. Ümumilikdə ödəmələrin həcmi 14,6 faiz artaraq 2,27 milyard avroya bərabər olub.
AYİB-in Azərbaycandakı aktiv layihələrinin sayı 48-ə bərabər olub, ümumilikdə isə bank Azərbaycanda 165 layihə reallaşdırıb. 2018-ci il aprel ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda aktiv layihələr üzrə portfeli 1,429 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çox olub.
AYİB-in portfelinin 49,5 faizi və ya 707 milyon avro enerji layihələrinə, 42,5 faizi və ya 607 milyon avro infrastruktur layihələrinə, 4,9 faizi (70 milyon avro) isə sənaye, kommersiya və aqrobiznes layihələrinə yönəldilib. Daha 3,1 faiz və ya 45 milyon avro maliyyə təşkilatlarının payına düşüb.