Azərbaycanda kiçik və orta sahibkarların maliyyəyə çıxışını asanlaşdırmaq üçün yeni üsullardan istifadə ediləcək.
"Kommersant" xəbər verir ki, bu fikir Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin icrasına həsr edilmiş iclasda bildirilib.
İclasda Palatanın Baş icraçı direktoru İbrahim Alışov Strateji Yol Xəritələrinin icrası müzakirə edilib, işçi qruplarının rəhbərləri tərəfindən may ayı ərzində görülmüş işlər, həmçinin iyun ayında nəzərdə tutulan tədbirlər barədə geniş məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda may ayı ərzində maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlər müzakirə olunub. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı bildirilib ki, hazırda maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində Palatanın və Asiya İnkişaf Bankının mütəxəssisləri tərəfindən faktorinq alətinin tətbiqi yolları təhlil edilir.
Yekunda Baş icraçı direktor Palatanın daxili əməliyyat planına uyğun olaraq may ayı üzrə nəzərdə tutulmuş işlərin tam icrasına nail olunduğunu bildirərək, növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verib.