"Mərkəzi Bank və Dövlət Neft Fondunun kifayət qədər pul ehtiyatı var”.
"Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iki gündür Bakıda fəaliyyət göstərən bankların qarşısında yaranan uzun valyutadəyişmə növbələrdən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda sərbəst şəkildə dövriyyədə olan manatın həcmi 8-10 milyard arasındadır:
"Bundan əlavə, insanların 2-3 milyarda kimi "yastıq altı" vəsaitləri var. Onların dollara çevrilməsi üçün vəsait kifayət qədərdir. Sadəcə, xarici ticarət dövriyyəsi üçün də maddi vəsait lazım olur. Çünki manatın özünün də dövriyyəsi var. Biz xaricdən çox asılıyıq. Və xarici ölkələrlə ticarət əlaqələri olan iş adamları üçün əlavə dollar lazım olacaq. Dollara olan təlabat artacaq, amma ehtiyatlar nöqteyi-nəzərindən elə də problem olmayacaq".
Natiq Cəfərli bildirib ki, son illər Azərbaycanda manatla pul saxlamağa üstünlük verənlərin sayı çoxalmışdı:
"3 il idi ki, əksər adamlar pulu manatla saxlayırdılar. Manat sabit idi, məzənnədə heç bir dəyişiklik yox idi. İnsanlar manata güvənirdi. Amma son günlər baş verən hadisələr göstərir ki, əhali pullarını daha çox dollarla saxlamağa üstünlük verəcək".