“Lisenziyası ləğv edilən “AtaBank” reallıqda azı bir il əvvəl müflisləşmişdi və öhdəliklərini icra etmirdi”.
"Kommersant.az" xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmovun banklarla bağlı ötən gün etdiyi çıxışa münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib.
Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bank sədrinin çıxışında kifayət qədər təzadlı məqamlar var:
“Elman Rüstəmov bildirib ki, bağlanmış bankların işçilərinə əmək haqlarının ödənməsi ilə bağlı göstəriş verib. Eyni zamanda da qeyd edib ki, bu banklara qarşı tələblər qanunun aliliyi prinsipinə uyğun olaraq “Banklar haqqında” Qanunda nəzərdə tutulmuş növbəliliyə əsasən, həyata keçiriləcək.
Lakin həmin Qanunun 82-ci maddəsinə görə, müflis bankların işçilərinin əmək haqqı yalnız 4-cü növbədə ödənilməlidir. Buna görə də ilk üç növbə üzrə tələblər ödənilmədən (o cümlədən Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətlərə çəkəcəyi xərci qaytarmadan) əmək haqları verilə bilməz.
Daha əvvəl bağlanmış bankların sırasında elələri var ki, indiyədək işçilərinin növbəsi çatmayıb. Bəs bu halda Elman müəllim nəyə əsasən belə göstəriş verib? Bəs qanunun aliliyi necə oldu?”
Əkrəm Həsənov qeyd edib ki, ölkənin bank sistemində deyilən sözə etibar yoxdur. Belə ki, Elman Rüstəmov 4 il əvvəl “Bank Standard”ın sistem əhəmiyyətli olduğunu deyərək, ictimaiyyəti əmin etmişdi. Lakin bir neçə gündən sonra həmin “sistem əhəmiyyətli” bank bağlandı, ləğvi isə hazırda kobud qanun pozuntuları ilə aparılır:
“Mərkəzi Bankın sədri çıxışında “Tanış olduğumuz situasiyalardan görürük ki, bankı seçəndə müştərilər subyektiv amillərlə seçirlər. Tanışlıqla, hansısa filial müdiri qonşusudur və s. gəl hesabı bizdə aç kimi prinsiplərə əsaslanırlar.
Başqa sözlə, Elman Rüstəmov dolayısı ilə dedi ki, hər banka deyil, yalnız “sistem əhəmiyyətli” banklara etibar edin. Bəs onda digər banklar nəyə lazımdır? Mərkəzi Bank onları niyə bağlamır və ya niyə lisenziya vermişdi?
Həm də zavallı müştərilər hansı bankın “sistem əhəmiyyətli” olduğunu haradan bilməlidir? Mərkəzi Bank bu bankların adını açıqlasın. Hamı da vəsaitlərini həmin banklara köçürsün, digərləri isə müştərisiz qalaraq, özü-özünə bağlansınlar. Düzdür, buna normal cəmiyyətdə haqsız rəqabət və inhisarçılıq deyilir. Amma bizdə keçərlidir”.
Elman Rüstəmovun “Aprelin 27-də müvəqqəti inzibatçı təyin olunmuş 4 bankdan başqa digərlərinin vəziyyəti hazırda qənaətbəxşdir” fikrini şərh edən iqtisadçı vurğulayıb ki, əslində, digər 26 bankda da vəziyyətin necə olduğu bəlli deyil:
“Belə ki, 3 gün əvvəl lisenziyası ləğv edilən “AtaBank” reallıqda azı bir il əvvəl müflisləşmişdi və öhdəliklərini icra etmirdi. Amma həmin dövrün hesabatlarına görə, onun vəziyyəti guya qənaətbəxş idi.
Mərkəzi Bank tərəfindən “AtaBank”ın yalnız indi bağlanması o demək deyil ki, sonuncunun vəziyyəti məhz son həftələrdə pisləşib. Eynilə bəlkə hazırda hansısa başqa bankın da vəziyyəti çox pisdir, sadəcə, Mərkəzi Bank bunu ən tezi 1 ildən sonra etiraf edəcək”.