Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%-dən 12%-dək qaldırıb.
İqtisadçı ekspert Samir Əliyev əmanətlərlə bağlı qəbul olunan qərarı şərh edib.
Ekspertin sözlərinə görə, bankların kredit portfelində əmanətlərin payı 70%-dir. Bu o deməkdir ki, əmanət faizləri kredit faizlərinə əhəmiyyətli dərəcədə təsir göstərir: “Əmanətlərin sığortalanması üçün tələb olunan faizin 10%-dan 12%-ə qaldırılması səhv addımdır. Çünki bu qərar əmanətlərin faizlərinin artmasına gətirib çıxara bilər. Bu da öz növbəsində kredit faizlərinin artmasını şərtləndirir. Hesab edirəm ki, manat əmanəti 10%-də saxlanmalı idi. Xarici valyutada olan əmanətlərin isə sığortalanması dayandırılmalı idi. Bu da əhalini manatda əmanət yatırmağa həvəsləndirəcəkdi".
Xatırladaq ki, bir müddət bundan əvvəl Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.