"Pasha Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Pasha Bank" cari ilin ilk altı ayını 29 mln. manatlıq xalis mənfəətlə başa vurub.
"Pasha Bank"ın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 401 mln. 555 min manat artaraq 4 mlrd. 831 mln. 912 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 364 mln. 579 min manat artaraq 4 mlrd. 369 mln. 130 min manata yüksəlib. bankın cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 36 mln. 976 min manat artaraq 462 mln. 782 min manata çatıb.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
"Pasha Bank"ın müştərilərinə verdiyi kreditlər ötən illə müqayisədə 495 mln. 965 min manat artaraq 1 mlrd. 898 mln. 79 min manat olub ki, bu da bankın kredit portfelinin böyüməsinə səbəb olub. Bundan başqa bankda müştərilərin depozitləri 18 mln. 565 min manat artaraq 3 mlrd. 645 mln. 330 min manata çatıb. Bu isə bankın cəmi öhdəliklərini artırıb.
FAİZ GƏLİRİ VƏ MƏNFƏƏT
"Pasha Bank"ın faiz gəliri 2019-cu ilin ilk yarısı ilə müqayisədə 57 mln. 331 min manat artaraq 105 mln. 38 min manata yüksəlib. bankın faiz xərcləri də 12 mln. 691 min manat artaraq 21 mln. 358 min manata bərabər olub. Buna görə də bankın xalis faiz gəliri 43 mln. 789 min manat artaraq 82 mln. 830 min manat olub.
"Pasha Bank"ın qeyri-faiz gəliri 31 mln. 136 min manat artaraq 42 mln. 923 min manata, qeyri-faiz xərci isə 45 mln. manat artaraq 72 mln. 853 min manata çatması bankın 52 mln. 900 min manat xalis əməliyyat mənfəəti əldə etməsinə səbəb olub. Bu isə ötən ilin 2-ci rübü ilə müqayisədə 29 mln. 920 min manat çoxdur.
"Pasha Bank"ın xalis mənfəəti 12 mln. 901 min manat artaraq 28 mln. 923 min manata çatıb.
Bankın məcmu kapitalı isə 295 min manat azalaraq 291 mln. 159 min amanata düşüb.