USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan 5 milyardı kimlər çıxardıb?

24.02.2021 Bank
0 0
2020-ci ilin yayında Mərkəzi Bank “AGBank”ın ləğvi haqda qərarını açıqladı. Qərarda qeyd olunurdu ki, “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkməklə, 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqe tutdu. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı. Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun “çətiri” altında idi. E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dönəmdə Çingiz Əsədullayev bankı qanunsuzluq yuvasına çevirmişdi. Bank işini nüfuzdan salan, əhalinin banklara inamını azaldan əmanətlərə xəyanətlər, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hallar idi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı bankı öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayevin da “dağlarına qar yağdı”.

Azərbaycandan 5 milyardı kimlər çıxardıb?

İllərlə Mərkəzi Bankın qanuni tələblərini yaxına buraxmayan Əsədullayev çox çətin duruma düşdü. Bankçılıqdan uzaq bankında problemlər günü-gündən artmağa başladı. Bankdakı qanunsuzluqlar nəhayət ki, kölgədən çıxarıldı və ittiham aktlarında Çingiz Əsədullayevin adı yer almağa başladı.

2020-ci ildə bankın ləğvinə qərar verildiyi günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam edirdi. Külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işinin araşdırılması zamanı üzə çıxan faktlar bankın çöküşünün labüdlüyünü ortaya qoyurdu. Məsələn, şahid qismində ifadə verən, bankda kassir işləmiş Vidadi Əliyev dindirilərkən demişdi ki, onu işə təqsirləndirilən Malik Əliyev dəvət edib. Təkcə 2014-cü ilin oktyabrında “Elektromaş” MMC-nin adına 10 milyona yaxın pul köçürülüb. Proses zamanı o da məlum olub ki, elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin Vidadi Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb. Bununla da Malik Əliyevin rəhbərliyi ilə bu şəbəkə “AGBank”ın ofisində icarədar kimi ofis götürərək bank kimi fəaliyyət göstərib. Bununla da onlar fəaliyyətlərinə bank görüntüsü yaradıblar. Daha sonra həmin pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb. Bütün bu əməliyyatlar 2013-2015-ci illərdə həyata keçirilib və ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkət adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.

İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına, sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib. Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Ümumi məbləğ 5 milyard 500 milyon manatdır. Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər. Onlar hansısa təzyiqlərdən qorxaraq bunu gizlədirlər. Yoxsa gün ərzində milyonlar daşıyan adamın pulların əsl sahibini tanımaması nə qədər inandırıcıdır?

Bu məhkəmə prosesi davam etdiyi günlərdə belə xəbərlər vardı ki, bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq nazir Eldar Mahmudova məxsus olub. Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə dəfələrlə məlumatlar dərc etmişik. Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon manat bir gündə ölkədən çıxarılıb. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı. 30 milyon manat Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb.

Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğ idi. Aydındır ki, Eldar Mahmudov ölkədən pulqaçırma əməliyyatlarını etibar etdiyi, güvəndiyi şəxsin - Çingiz Əsədullayevin bankı üzərindən həyata keçirib. Ölkədən onun rəhbərlik etdiyi bank üzərindən 6 milyard manatdan artıq pul qaçırılıb və Çingiz Əsədullayev heç nə olmamış kimi ortalıqda gəzir. Halbuki ölkədən qaçırılan, büdcə vəsaitləri olması şübhə doğurmayan məbləğlərin geri qaytarılması zamanı çoxdan çatıb. Əsədullayev kimi xalqın cibindən oğurlanmış vəsaitlərə əli bulaşmış hər kəs əməlinə görə cavab verməlidir. Həmin məbləğlərlə işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı xalqın, ölkənin bir çox problemlərini də çözmək olar. İndi milyardları oğurlayanlardan hesab sormaq zamanıdır.