Azərbaycanda fəaliyyət göstərən bankların hesabatına görə, ən çox və ən az cəmi aktivə sahib olan banklar məlum olub.
"Kommersant.az" xəbər verir ki, banklar arasında cəmi aktivləri ən çox olan bank "Azərbaycan Beynəlxalq Bankı" olub. Belə ki, bankın cəmi aktivləri 8 milyard 962 milyon 792 min manat olub. Siyahıda ikinci yeri 5 milyard 513 milyon 21 manatlıq cəmi aktivlə "Pasha Bank", üçüncü yeri isə 5 milyard 227 milyon 472 min manatlıq cəmi aktivlə "Kapital Bank" tutub.
"Bank Avrasiya"nın aktivlər cəmi 2020 -ci ilin son rübündə 31 milyon 817 min manata düşdüyünə görə siyahıda sonuncu yerdədir.
Retail banklar arasında ən çox cəmi aktivlərə 1 milyard 34 milyon 39 min manatla "Bank Respublika" liderlik edir. İkinci sırada 855 milyon 854 min manatlıq cəmi aktivlə "Access Bank", üçüncü sırada isə 830 milyon 916 min manat cəmi aktivlə "Rabitə Bank" dayanır.
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün cəmi aktivlərində artım, 11-nin isə aktivlər cəmində azalma müşahidə olunub.
Korporativ banklar arasında ən çox artım "Pasha Bank"da olub. Bankın cəmi aktivləri 745 milyon 571 min manat və ya 15.6% artıb. Cəmi aktivlərdə 90 milyon 932 min manat və ya 12.2% artımla "Rabitə Bank" retail banklar arasında lider olub.
Korporativ banklar arasında ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur. Belə ki, dövlət bankının cəmi aktivləri 1 il ərzində 260 milyon 569 min manat və ya 2.8% azalıb. Retail banklar arasında ən çox azalma isə "Bank Respublika"da qeydə alınıb. Bankın cəmi aktivləri 378 milyon 944 min manat azalıb.
Qeyd edək ki, hazırlanan renkinqdə Azərbaycanda fəaliyyətdə olan xarici dövlət bankları (Pakistan Milli Bankı və Melli İran Bankının Bakı filialı) qeydə alınmayıb.