İl ərzində müxtəlif kampaniyalar həyata keçirərək müştəri cəlb edən bankların istehlak, biznes və ipoteka üzrə verdikləri xalis kreditlərin renkinqi hazır olub.
"Kommersant.az" bankların açıqladığı hesabata əsasən xəbər verir ki, ən yüksək xalis kreditlərə "Azərbaycan Beynəlxalq Bankı" sahiblik edib. Belə ki, dövlət bankı 2 milyard 366 milyon 232 min manatlıq xalis kreditlə renkinqdə liderliyini qoruyub. Onu 2 milyard 95 milyon 34 min manatla "Pasha Bank", 1 milyard 91 milyon 168 min manatla isə "Kapital Bank" izləyir.
Ən az xalis kreditlər renkinqində isə "Bank Avrasiya" ən son pillədə dayanıb. Korporativ banklar arasında ən az xalis kreditə sahib olan bankın bununla yanaşı bir neçə renkinqdə də ən sonda olması bankın fəaliyyətinin çox zəif olmasını bildirir. Bankın xalis kreditləri 97 milyon 989 min manat olub. "Bank Avrasiya"nın "davamçısı" olan "Yapı Kredi Bank Azərbaycan" Türkiyədən Azərbaycana gəldi, gəldi korporativ banklar arasında ən sondan ikinci yerdə qərarlaşdı. Yəqin ki, bankın Azərbaycandakı fəlaiyyəti "Yapı Kredi Bank"ın səhmdarı olan Qoç ailəsini heç də narahat etmir. Bankın səhmdarı Azərbaycanın maliyyə bazarında "doyumluq" yox, "dadımlıq" payla kifayətlənir. Yəni, bankın xalis kreditləri 2020-ci ilin sonunda 107 milyon 556 min manat olub. Korporativ banklar arasında üçüncü sıranı isə 137 milyon 996 min manatla "AFB Bank" sahiblənib.
"Retail" banklar arasında isə ən yüksək xalis kreditlərə 477 milyon 955 min manat "Uni Bank" sahib olub. Onu 458 milyon 775 min manatla "Access Bank" izləyir. Üçüncü sıranı isə 400 milyon 175 min manatlıq xalis kreditlə "Rabitə Bank" tuta bilib.
"Retail" banklar arasında ən az xalis kredit isə 86 milyon 75 min manatla "Bank VTB Azərbaycan"da olub. Bankın uzun zamandır sonuncu pillədə olmaması onun vəziyyəti və idarə olunmasının dayanıqlı olmasından irəli gəlir.
Korporativ banklar arasında xalis kreditlərinin həcmi ən çox artan bank "Kapital Bank" olub. Belə ki, bankın artımı 1 il ərzində 399 milyon 814 min manat təşkil edib. Ən çox artımda ikinci sırada 341 milyon 334 min manatla "Pasha Bank", üçüncü sırada isə 213 milyon 21 min manatla "Azərbaycan Beynəlxalq Bankı" qərarlaşıb.
Korporativ banklar arasında ən çox azalma isə "Xalq Bank"da qeydə alınıb. Belə ki, bankın xalis kreditləri 1 il ərzində 354 milyon 520 min manat və ya 19.4% azalıb.
"Retail" banklar arasında isə ən çox artım 81 milyon 27min manatla "Uni Bank"a məxsus olub. Ən çox azalma isə 77 milyon 653 min manatla "Access Bank"da qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin sonunda 14 bankın xalis kreditləri artıb, 10 bankın isə xalis kreditləri azalıb. Azərbaycanda fəlaiyyət göstərən xarici dövlət bankları (Bank Melli İran və Pakistan Milli Bankı) siyahıda qeydə alınmayıb.