Hazırda ölkədə kommersiya bankları tərəfindən vətəndaşlara təklif edilən nağd istehlak kreditlərinin faiz dərəcələri yüksəkdir. Mərkəzi Bankın yaydığı son məlumata görə faiz dərəcələri 19-24 faiz arasında dəyişir. Qonşu ölkələrdə isə vəziyyət tam fərqlidir. Məsələn Türkiyədə vətəndaşlar illik 1.5 faizlə istehlak kreditləri ala bilirlər. Millət vəkili Vüqar Bayramov hesab edir ki, problemin həlli üçün bir sıra addımlar atılmalıdır.
Vətəndaşlar bankların təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasından gileylənirlər. Mərkəzi Bankın yaydığı son rəqəmlər də faiz dərəcələrinin yüksək olmasından xəbər verir. Belə ki, qurum "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb. 31 dekabr 2020-ci il tarixinə olan məlumata görə manatla verilən istehlak kreditləri üzrə orta faiz dərəcələri 19% - 24% civarındadır.
Azərbaycanla müqayisədə türkiyədə kredit faizləri dəfələrlə aşağıdır. Məsələn, Türkiyə vətəndaşları Komisiya və sığorta haqları da daxil olmaqla illik 1.5 faizlə istehlak kreditləri əldə edə bilirlər. Millət Vəkili Vüqar Bayramov deyir ki, ölkəmizdə kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri banklar arasında rəqabətin aşağı səviyyədə olmasıdır. Adətən kredit faizləri banklar arasindaki rəqabət nəticəsində aşağı düşür.
Millət vəkili deyir ki, kredit faizləri ilə deposit faizləri arasında da ciddi fərq var. Vətəndaşlardan daha aşağı faizlərlə cəlb edilən depozitlər digərlərinə yüksək faizlərlə kredit formasında verilir. Vüqar Bayramov bildirir ki, Mərkəzi Bank banklara deposit faizləri ilə kredit faizləri arasındakı fərqi azaldan tövsiyələr verə bilər.
Millət vəkili deyir ki, bu yaxınlarda kredit faizlərinin azaldılması üçün Milli Məclisdə bir sıra təkliflər irəli sürəcək.