USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2020-ci il Azərbaycan üçün bütövlükdə uğurlu il olub – Elman Rüstəmov

01.04.2021 Bank
0 0
Sara Maykl: “Dünya Bankı tərəfindən Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara tam dəstək veriləcək”

Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusla Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib. Görüşdə Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Sara Maykl da iştirak edib.

AMB-dən verilən məlumata görə, görüş zamanı E. Rüstəmov Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli əməkdaşlığının ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb.

E.Rüstəmov, ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışıb:

“2020-ci il Azərbaycan üçün bütövlükdə uğurlu il olub, makroiqtisadi sabitlik qorunub və iqtisadi azalma minimal olub”.

AMB sədri, Dünya Bankının strateji tərəfdaş kimi aparılan islahatlara görə Azərbaycana dəstək göstərəcəyinə əmin olduğunu ifadə edib.

Dünya bankının Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edən S. Mayk bildirib ki, 2020-ci il həqiqətən həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb.

Onun sözlərinə görə, müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir.

Sara Mayk, ölkədə Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara bank tərəfindən tam dəstək veriləcəyini ifadə edib:

“Ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində Dünya Bankı bütün lazımi dəstəyi göstərməyə hazırdır”.

Görüşdə AMB ilə Dünya Bankı arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda bankın dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.