USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankdan Hesablama Palatasının açıqlalarına - REAKSİYA

08.04.2021 Bank
0 0
Mərkəzi Bank KİV-də Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirilib.

AMB-dən erilən xəbərə görə, HP-nın aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.

Qeyd edilir ki, yoxlanılan dövr ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 milard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib.

“Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb. Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu Avroda olan vəsaitlər təşkil edib.

Avropa Mərkəzi Bankının 500 Avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər".

Mərkəzi Bank bildirir ki, çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb:

“Bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub. Nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur”.

Sonda vurğulanır ki, qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilib və uçotu aparılıb.