USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstiqraz alan varmı? - EKSPERT ŞƏRHİ

05.07.2018 Bank
0 0
“Həm güclü reklam, həm də SOCAR-ın digər şirkətlərlə müqayisədə daha böyük çəkiyə malik olması insanlarda ona qarşı inam yaratdı”.

Bunu "Kommersant"a açıqlamasında maliyyə məsələləri üzrə ekspert Samir Əliyev deyib.

SOCAR istiqrazlarına təkrar bazarda tələbat kəskin artıb.

Belə ki, hazırda SOCAR istiqrazlarını birjada 1 010,17 dollara satmaq, 1 013,50 dollara almaq olar.

Qeyd edək ki, SOCAR istiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib. Ötən ilin noyabr ayından SOCAR istiqrazları ilə REPO əməliyyatlarına da start verilib.

Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5%-dir. Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir.

"Həm güclü reklam, həm də SOCAR-ın digər şirkətlərlə müqayisədə daha böyük çəkiyə malik olması insanlarda ona qarşı inam yaratdı".

Ekspertin sözlərinə görə, Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə böyük ehtiyac var.

"Bu, həm şirkətlərin özü üçün, həm də ölkənin makroiqtisadi sabitliyi baxımından vacibdir. Azərbaycanda qiymətli kağızlar bazarı digər ölkələrə nisbətən zəifdir. İstər əhalinin, istərsə də şirkətlərin bu sektora marağı azdır. Əhalidə sovet dövründən qalma stereotip var. SSRİ dönəmində istiqrazlar verildi, ittifaqın dağılması ilə onlar insanların əlində qaldı. Müstəqillik qazanan Azərbaycanın ilk dövründə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlar da o qədər effektiv olmadı. Bütün bunlar insanlarda istiqrazlara inamı müəyyən dərəcədə azaltdı".

İqtisadçı vurğulayıb ki, insanlarda istiqrazlara inamı artırmaq üçün maarifləndirməyə ehtiyac var:

"Bu sahədə əsas yük qiymətli kağızlar buraxan şirkətlərin üzərinə düşür. Həmin şirkətlər işin məsuliyyətini anlamalıdır. İnsanlar əksər hallarda yeni istiqrazın buraxılmasından xəbərdar olmur. Bundan yalnız bazarla maraqlanan peşəkar ekspertlər xəbər tutur".

S. Əliyev bildirib ki, SOCAR istiqrazlarına tələbat səviyyəsi barədə isə real qiymət vermək hələ ki tezdir:

"SOCAR gələcəkdə bir neçə yüz milyonluq həcmdə emissiya edərsə bu halda onun istiqrazlarına tələbat səviyyəsi barədə real qiymət verilə bilər. Bu gün 100 milyon o qədər də böyük göstərici deyil. Çünki Azərbaycan bazarı 100 milyardlarla istiqraz həzmetmə qabiliyyətinə malikdir. Nəzərə alsaq ki, xarici valyuta dollarladır, bu kifayət qədər yüksək faiz deməkdir".