Məlum olduğu kimi Konstitusiya Məhkəməsi kredit borcu ilə bağlı qərar qəbul edib.
"Kommersant" xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci, 472-ci, eləcə də, 1146-cı, 1255-ci və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də, miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər.
Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
“Konstitusiya Məhkəməsinin kredit borcu ilə bağlı verdiyi qərar haqlıdır”.
"Kommersant" xəbər verir ki, bunu redaksiyamıza açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspertin sözlərinə görə, əvvəllər zamin dərhal məsuliyyətdən azad edilirdi, bu isə düzgün deyildi:
“Ümumi prinsip bundan ibarətdir ki, hər kəs götürdüyü borca görə, ona mənsub olan əmlakı həddində cavabdehdir. Əgər şəxs ölərsə, onun əmlakı vərəsələrinə keçir. Bu halda onun vərəsələri onlara çatmış əmlak həddində məsuliyyət daşıyırlar. Vərəsə məhz o şəxsdir ki, ölənin əmlakını qəbul edir.
Vərəsə qanun və vəsiyyətnamə üzrə olur. Borc alan vəsiyyətnamə üzrə kimi istəyirsə vərəsə kimi göstərə bilər. Qanun üzrə vərəsədə isə növbəlilik ölən şəxsin valideynləri, övladları ər-arvad; bacı-qardaşları; baba-nənəsi; əmi, bibi, xala və s. şəklindədir”.
Hüquqşünas qeyd edib ki, ölən şəxsin əmlakı vərəsələr arasında tam bölünməlidir:
“Vərəsələr aldıqları əmlak həddində ölən şəxsin borcuna görə cavabdehdir. Məsələn, kişinin banka 10 min manat borcu var idi, öləndən sonra isə 6 min manat pulu qalıb. Həmin şəxsin həyatda yalnız 3 övladı varsa, həmin 6 min manat 3 övlad arasında 2 min manat olmaqla bölünməlidir.
Atanın banka 10 min manat borcu olub, övladına isə 5 min manat saxlayıbsa, deməli övladı 5 min manatı qaytarmalıdır. Əgər atanın 10 min manat borcu olub, övladına 15 min manat pul qoyubsa, o borcu tam şəkildə qaytarmalıdır”.
Zaminliyə gəldikdə isə ekspert bildirib ki, borclunun ölməsi zamini məsuliyyətdən azad etmir.
“O, ödədiyi pulu sonradan vərəsələrdən tələb edə bilər”.
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov da saytımıza açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı düzgündür:
“Son vaxtlar kredit verilmə prosesində çox vaxt zamin dururlar ki, banklarla borc götürən şəxs arasında sonradan problem yaranmasın. Lakin bu heç də müsbət nəticə vermir. Hesab edirəm ki, bankın vəsaiti qaytarılmalıdır. Həmin vəsait əhalidən alınan vəsaitlər hesabına formalaşır ki, bu yolla insanlara kredit verilir”.